İDMAN
Bolqarıstan badmintonçuları qadın cütlüklərin yarışında qızıl medal qazanıb VİDEO [YENİLƏNİB]
Qadınlar arasında cütlüklərin yarışında qalib müəyyənləşib.
Qızıl medal uğrunda yarışda Bolqarıstan təmsilçiləri Stefani və Qabriela Stoeva Rusiya badmintonçuları Yekaterina Baltova – Yevgeniya Kosetskaya 21:12 və 23:21 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının qalibi adını qazanıblar.
17:26
Qadınlar arasında fərdi yarışların yarımfinalında Danimarkalı Line Kyaersfeldt Bolqarıstan idmançısı Petya Nedelçevanı, belçikalı Lian Tan ispaniyalı Klara Azurmendini məğlub edərək finala yüksəliblər.
Qarışıq cütlüklər arasındakı yarımfinal görüşlərində isə İrlandiya-Fransa və Danimarka-Almaniya qarşılaşmaları oynanılıb. Finala fransalı Qaetan Mittelheisser-Odri Fonten və danimarkalı Niklas Nor-Sara Tigesen duetləri vəsiqə qazanıb.
Kişilər arasında fərdi yarışlarda isə danimarkalı Emil Holst almaniyalı Dieter Lomke üzərində qələbə qazanaraq finala adlayıb. Digər görüşdə isə ispaniyalı Abian Pablo litvalı Naviçkas Kestutisi məğlub edərək finalda oynamaq hüququ əldə edib.
Günün sonuncu qarşılaşmalarında həm qadınlar, həm də kişilər arasında cütlüklər qızıl medallar uğrunda mübarizə aparacaq.
10:00
Bakı, 27 iyun, Raisə Abbasova, Həsrət Mahmudova, AZƏRTAC
İyunun 27-də Bakı İdman Sarayında birinci Avropa Oyunlarının badminton yarışlarında yarımfinal və final görüşləri başlayıb.
AZƏRTAC xəbər verir ki, gün ərzində iki dəst medalın sahibləri müəyyənləşəcək. Yarışda qadınlar arasında fərdi, qarışıq cütlüklər, kişilər arasında isə fərdi mübarizənin yarımfinal qarşılaşmaları oynanılacaq.
Günün ikinci yarısında isə həm qadınlar, həm də kişilər arasında fərdi mübarizədə final oyunları keçiriləcək.
Badminton yarışlarına iyunun 28-də yekun vurulacaq.