SİYASƏT
Bolqarıstan radiosunda Ermənistan-Azərbaycan münaqişəsi barədə veriliş yayımlanıb VİDEO
Sofiya, 30 iyul, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın nüfuzlu “Darik” radiosunda yayımlanan populyar “Darik kafe” verilişinə canlı müsahibə verib.
AZƏRTAC xəbər verir ki, müsahibədə diplomat Ermənistanın Azərbaycan ilə dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə bolqar dinləyiciləri məlumatlandırıb.
Qeyd edilib ki, iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən hərbi təxribat ölkəmizə qarşı təcavüz aktıdır. Təxribat nəticəsində Azərbaycan tərəfdən 11 hərbi qulluqçu və 76 yaşlı əlil mülki şəxs həlak olub.
Həmçinin səfir bolqar dinləyiciləri münaqişənin tarixi barədə də məlumatlandırıb. O, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olduğunu, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 20 min insanın həlak olduğunu, 4 min nəfərin isə itkin düşdüyünü bildirib. Qeyd edib ki, iyulun 23-də Ağdam rayonunun Ermənistan tərəfindən işğalının ildönümü olduğunu xatırladıb.
N.Qurbanova Ermənistanın son təxribatının baş verdiyi Tovuz rayonunun yaxınlığından Avropa üçün strateji əhəmiyyətli enerji və nəqliyyat dəhlizlərinin keçməsindən, belə təxribatların həmin marşrutlara təhdid olmasından söz açıb. Bu baxımdan Avropa İttifaqını münaqişənin ərazi bütövlüyü, suverenlik və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllində daha fəal olmağa çağırıb.
Eyni zamanda, səfir COVID-19-la mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən, sosial-iqtisadi sahədə atılan addımlardan bəhs edib. Diqqətə çatdırıb ki, pandemiya dövründə Azərbaycan 30-dan artıq ölkəyə, o cümlədən strateji tərəfdaşı olan Bolqarıstana humanitar yardım göstərib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya