İDMAN
Bolqarıstan voleybolçuları Türkiyə millisinə tay-brekdə qalib gəliblər
Bakı, 24 sentyabr, G.Mahmudlu, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində üçüncü günün ilk oyunu Bolqarıstan və Türkiyə yığmaları arasında keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakıda Milli Gimnastika Arenasında "C" qrupunda qərarlaşan komandaların görüşü tay-brekə qədər davam edib.
Matçın ilk setində Bolqarıstan yığması çətinlik çəkmədən qalib gəlib - 25:17. Oyunun ikinci setində Türkiyə voleybolçuları üstünlüyü tam ələ alaraq seti 25:10 hesabı ilə öndə tamamlayıblar. Qarşılaşmanın üçüncü setində Bolqarıstan təmsilçiləri qalib gələrək hesabı öz xeyirlərinə dəyişiblər - 25:16. Matçın dördüncü setində Türkiyə təmsilçiləri oyunda bərabərliyi yenidən təmin ediblər - 25:20. Qarşılaşmanın qalibi 5-ci setdə müəyyənləşib. Gərgin idman mübarizəsi şəraitində keçən tay-brekdə daha dəqiq oynayan Bolqarıstan voleybolçuları 20:18 hesabı ilə qalib gəldilər.
Beləliklə, ümumi nəticədə rəqibini 3:2 hesabı ilə məğlub edən Bolqarıstan yığması turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Türkiyə millisi qrupda sonuncu oyununda Ukrayna kollektivi, Bolqarıstan yığma komandası isə Rusiya voleybolçuları ilə qarşılaşacaq.