DÜNYA
Bolqarıstanda dəmiryol qəzası: 5 nəfər ölüb, 3 nəfər ağır vəziyyətdədir
Bakı, 10 dekabr, AZƏRTAC
Bolqarıstanın Şumen vilayətinin Xitrino kəndi yaxınlığında baş verən dəmiryol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb. Bu barədə vilayət xəstəxanasının baş həkimi Atanas Atanasov məlumat verib.
AZƏRTAC xəbər verir ki, baş həkimin NovaTV telekanalının efirində bildirdiyinə görə, çoxsaylı yanıq xəsarətləri almış 18 yaşlı gənc xəstəxanada keçinib. Daha üç nəfərin vəziyyəti son dərəcə ağırdır.
Maye qazla dolu sisternlərdən ibarət qatar şənbə günü səhər saatlarında relsdən çıxıb. Qəza nəticəsində sisternlərdən bir neçəsi partlayıb. Müxtəlif mənbələrdən verilən məlumatlara görə, 12-dən 25-dək yaralı var. Qəza yerinin yaxınlığında yaşayan əhali məcburi qaydada təxliyə edilib. Bolqarıstanın Baş naziri vəzifəsini icra edən Boyko Borisov hadisə yerinə gedib.
Partlayışın çox güclü dağıdıcı dalğası kəndə ciddi maddi ziyan vurub.