SİYASƏT
Bolqarıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bakı, 13 noyabr, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasındakı əməkdaşlığın hərtərəfli inkişaf səviyyəsindən və yüksək səviyyəli qarşılıqlı səfərlərdən məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov səfir Maya Xristovanın diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı naminə səylərini yüksək qiymətləndirib. O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi ölkələrimiz arasında əməkdaşlıq üçün yeni əlverişli imkanlar açır.
Səfir Maya Xristova diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov səfir M.Xristovaya gələcək fəaliyyətində uğurlar arzu edib.