SİYASƏT
Bolqarıstanın “Diplomatik spektrum” jurnalında Azərbaycan Xalq Cümhuriyyəti haqqında məqalə dərc edilib
Sofiya, 29 may, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynovun bu ölkənin “Diplomatik spektrum” jurnalının internet səhifəsində “Azərbaycan Xalq Cümhuriyyəti – müsəlman dünyasında ilk demokratiya” sərlövhəli məqaləsi dərc olunub.
Respublika Gününə həsr olunan məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi və parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı qeyd olunub. Bildirilib ki, Cümhuriyyət Azərbaycanın etnik, dini və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşının bütün mülki və siyasi hüquqlarını təmin edən, qadınlara bərabər seçki hüququ verən ilk müsəlman dövləti olub və bu kimi məsələlərdə Avropanın bir çox ölkəsini qabaqlayıb.
Müəllif Azərbaycan Xalq Cümhuriyyətini dövrünün siyasi cəhətdən inkişaf etmiş ən qabaqcıl dövlətlərindən biri, Azərbaycan dövlətçiliyinin təməl daşı kimi səciyyələndirib.
Məqalədə Cümhuriyyətin xarici siyasətindən söz açılaraq, Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınmasına nail olunması barədə məlumat verilib.
Yazının sonunda Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın öz tarixi ilə qürur duyan dünyəvi və müstəqil dövlət olduğu qeyd edilib, ölkəmizin inkişaf yolunda mətin addımlarla irəlilədiyi bildirilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya