SİYASƏT


Bolqarıstanın “Fokus” xəbər agentliyi Azərbaycan xarici işlər nazirinin müsahibəsini yayıb

Sofiya, 2 noyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın nüfuzlu “Fokus” xəbər agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

-Cənab nazir, sizin Bolqarıstana son rəsmi səfəriniz 10 il bundan əvvəl olmuşdu. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər çox irəliləyib. 2013-cü ildə 2020-ci ildən etibarən 1 milyard kubmetr həcmində Azərbaycan qazının alınmasına dair saziş imzalanıb. 2015-ci il martın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı Birgə Bəyannamə imzalanmaqla ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib. Azərbaycan-Bolqarıstan münasibətlərinin perspektivləri barədə nə deyə bilərsiniz?

-Gözəl Sofiyaya yenidən səfər etməkdən məmnun oldum. Düzdür, Azərbaycan-Bolqarıstan münasibətlərində mühüm nailiyyətlər əldə olunub və bu, çox sevindirici haldır. Əlbəttə, bu tərəqqi ikitərəfli əlaqələrin inkişafı naminə bolqar tərəfdaşlarımızla birgə apardığımız davamlı fəaliyyətin nəticəsidir. Keçən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etdik. Şadam ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Sofiyaya səfəri zamanı “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq haqqında Müqavilə”nin imzalanmasından sonrakı illər ərzində Azərbaycan-Bolqarıstan münasibətləri yüksələn xətlə inkişaf edib və 2015-ci ilin mart ayında əməkdaşlığın ən yüksək səviyyəsi olan strateji tərəfdaşlıq səviyyəsinədək yüksələrək keyfiyyətcə yeni xarakter alıb.

Tarixi dostluq əlaqələri və qarşılıqlı etimada əsaslanan əlaqələrimiz bu illər ərzində praktiki məzmunla dolaraq konkret nəticələr verib. Onlardan biri, əlbəttə, Azərbaycan qazının Bolqarıstana ixracı barədə razılaşmadır. Enerji sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir. Ümid edirik ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək və beləliklə, 2020-ci ildən etibarən Azərbaycan qazının Bolqarıstana nəqlini mümkün edərək həm enerji, həm də digər sahələrdə əməkdaşlıq üçün yeni və əlavə imkanlar açacaq. Son illər ərzində əməkdaşlığımızın digər vacib nəticələri kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpa olunması və cari ilin yanvar ayından başlayaraq “Buta Airways” şirkəti tərəfindən həyata keçirilən Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını qeyd etmək istərdim. Bu xəttin açılmasının iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində təmasların intensivləşməsi, xüsusilə də turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynayacağına inanırıq.

Burada, həmçinin ölkələrimiz arasında xüsusilə iqtisadi sahədə münasibətlərin inkişafı üçün “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiya”nın əhəmiyyətinə toxunmaq istərdim. Qeyd edim ki, 2018-ci il noyabrın 6-8-də Sofiya şəhərində komissiyanın növbəti 5-ci iclasının, eləcə də iclas çərçivəsində Azərbaycanın qida məhsulları və şərab istehsalı sahəsində fəaliyyət göstərən 30-a yaxın şirkətinin nümayəndələrinin iştirakı ilə ixrac missiyasının və biznes forumun təşkili nəzərdə tutulur. Vurğulamaq istərdim ki, energetika, nəqliyyat, kənd təsərrüfatı, turizm, İKT və ətraf mühit kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı maraq və geniş imkanlar mövcuddur. Ümidvarıq ki, komissiyanın iclası və ixrac missiyasının səfəri ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Ümumiyyətlə, Azərbaycan-Bolqarıstan münasibətlərinin perspektivləri baxımdan nikbinik. Azərbaycan Bolqarıstanla əməkdaşlığı bir çox sahələr üzrə dərinləşdirmək və genişləndirmək niyyətindədir və bu arzunun qarşılıqlı olmasından məmnunuq. Bu xüsusda əminik ki, bundan sonra da həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli platformalar, o cümlədən Avropa İttifaqı çərçivəsində siyasi dialoqumuz yüksək səviyyədə davam edərək strateji tərəfdaşlığımızı irəlilədəcək.

-Bolqarıstana rəsmi səfəriniz çərçivəsində siz həmkarınız xanım Zaxariyeva ilə Azərbaycanla Bolqarıstan arasında Strateji Dialoqun birinci iclasını keçirdiniz. İkitərəfli münasibətlərdə bu yeni siyasi dialoq mexanizmindən hansı gözləntiləriniz var?

-Ölkələrimiz arasında siyasi dialoq daim yüksək səviyyədə və intensiv şəkildə həyata keçirilib və tərəfdaşlığımızın səmərəli inkişafını təşviq edib. Azərbaycan və Bolqarıstan qlobal və regional beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. Ölkələrimiz bir çox qlobal beynəlxalq təşkilatlarda eyni regional qrupda iştirak edir. Həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ölkələrimiz arasında əlaqələrin vacib komponentini təşkil edir. Beləliklə, çoxşaxəli münasibətlərimiz geniş spektrli məsələləri əhatə edir. Bununla əlaqədar, Azərbaycan-Bolqarıstan əlaqələrinin irəlilədilməsi üçün hər iki ölkənin xarici siyasət qurumlarının üzərinə mühüm vəzifə düşür.

Strateji Dialoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 2015-ci il martın 4-də imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə əsasən təsis edilib. Bu vacib sənəddə siyasət, iqtisadiyyat və ticarət, həmçinin müdafiə və təhlükəsizlik, elm, təhsil və mədəniyyət sahələrində məqsədlərə nail olmaq üçün ölkələrimiz arasında genişləndirilmiş əməkdaşlıq nəzərdə tutulur. İkitərəfli əməkdaşlıqla yanaşı, ixtisaslaşmış qurumları və institutları da daxil olmaqla Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, Avropa Şurasında, həmçinin Avropa İttifaqı və NATO ilə bağlı məsələlərdə və digər beynəlxalq və regional forumlarda genişləndirilmiş əməkdaşlıq ehtiva olunur. Strateji Dialoq Azərbaycan-Bolqarıstan münasibətlərində siyasi dialoqun yeni aləti olaraq, xarici işlər nazirlərinin həmsədrliyi ilə həyata keçirilməklə ikitərəfli münasibətləri, həmçinin qarşılıqlı maraq doğuran qlobal və regional məsələləri müzakirə etmək üçün yaradılıb.

Şadam ki, strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin praktiki icrası çərçivəsində Sofiyaya rəsmi səfəri zamanı Strateji Dialoqun birinci iclası keçirilib. Bu iclasda həmkarım xanım Zaxariyeva ilə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığa aid olan bir çox məsələlər üzrə maraqlı və məzmunlu müzakirələr apardıq. Sözsüz ki, belə görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımdan gözəl imkan olaraq əməkdaşlıq gündəliyimizdəki layihələr və təşəbbüslərin reallaşdırılması üçün vacibdir. Bu baxımdan, Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafının dəstəklənməsi kontekstində Strateji Dialoqa böyük önəm verərək, onun ölkələrimiz arasında strateji tərəfdaşlığın uğurla həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcəyinə inanırıq.

-İkitərəfli münasibətlərdə enerji sahəsinin rolu danılmazdır. 2020-ci ildən etibarən 1 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac olunacaq. Bununla yanaşı, son iki il ərzində Azərbaycan-Bolqarıstan münasibətlərdə hər iki tərəfdən nəqliyyat sahəsində geniş potensialın olduğu vurğulanır. Bununla bağlı bu sahənin əhəmiyyəti barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik.

-Əlbəttə, enerji Azərbaycan-Bolqarıstan münasibətlərinin mühüm komponentidir. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycan qazını Yunanıstan, Albaniya və İtaliya vasitəsilə Avropaya daşıyacaq Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı işlər irəliləyir. Hazırda bu layihə ilə əlaqədar işlərin böyük hissəsi yekunlaşdırılıb. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Yunanıstan-Bolqarıstan qaz bağlantısı vasitəsilə nəql olunacaq 1 milyard kubmetr Azərbaycan qazı isə Bolqarıstanın təbii qaza hazırkı tələbatının üçdəbirinə bərabərdir. Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstanın qazlaşdırılması prosesində iştirakı məsələsi gündəmdədir. Lakin, eyni zamanda, hesab edirik ki, nəqliyyat sahəsi də bu geniş potensiala sahibdir. Əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan və Bolqarıstan Avropa ilə Asiya arasında beynəlxalq yük daşımalarının təşviqi baxımından mühüm rol oynaya bilər. Ölkələrimiz arasında bu sahədə əməkdaşlıq uzunmüddətli əlaqələrə əsaslanır. Azərbaycan və Bolqarıstan 1998-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) təsisçi ölkələrindən olublar.

Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb kimi beynəlxalq ticarət dəhlizlərinin təşviqinə töhfə vermək məqsədilə nəqliyyat infrastrukturunun inkişafı istiqamətində sistemli və intensiv tədbirlər görür və bu sahədə mühüm nailiyyətlər əldə edib. Tikintisində ən müasir standartlara cavab verən son mühəndislik yeniliklərindən istifadə olunmuş Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yeni kompleksi artıq fəaliyyət göstərir və regionumuzda tranzit imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Amma bu limanın region miqyasında əhəmiyyəti, Ələt Azad İqtisadi Zonasının yaradılması haqqında qanun ilə artdı. Çünki bu Zonanın məqsədi vaxtilə “Əsrin müqaviləsi”nin xarici investorlar üçün yaratdığı əlverişli fiskal və investisiya mühitini bu dəfə qeyri-neft sektorunda təkrarlamaqdır. Digər vacib layihə açılışı 2017-ci il oktyabrın 30-da Azərbaycanda baş tutmuş və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının təşviqi baxımından əhəmiyyəti Avropa İttifaqı tərəfindən də vurğulanmış Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu kimi səylərimiz yaxın gələcəkdə Azərbaycanın regionda logistik qovşağa çevrilməsinə xidmət edəcək. Bolqarıstan da bundan maksimal dərəcədə istifadə edə bilər.

On Avropa nəqliyyat dəhlizindən beşinin Bolqarıstanın ərazisindən keçdiyini nəzərə alaraq, nəqliyyat baxımından ölkəniz də xüsusi əhəmiyyətə malikdir. Sözügedən sahə “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə əsasən strateji tərəfdaşlığın iqtisadi sahədə prioritet istiqamətlərindən biridir. Bu Bolqarıstanın da üzvü olduğu Avropa İttifaqı ilə əməkdaşlığımızın gündəliyinin vacib elementidir. Son illər ərzində həm qlobal, həm də regional səviyyədə baş verən meyillər nəqliyyat sahəsinin əhəmiyyətini daha da artırıb. Fikrimizcə, Azərbaycan ilə Bolqarıstan arasında nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi üçün böyük potensial var və biz bu amilə xüsusi önəm verərək ondan ikitərəfli əməkdaşlığımızın daha da inkişaf etdirilməsi baxımından istifadə etmək istərdik.

Bu xüsusda diqqəti Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) yönəltmək istərdim. Belə ki, bu marşrutun coğrafiyası Çin-Qazaxıstan sərhədindən başlayaraq Xəzər dənizi və Azərbaycan və Gürcüstan ərazilərindən Avropaya doğru uzanır. Bu marşrutun öz müstəqil korporativ-təşkilatı strukturu da var. Bu, bir konsorsiumdur və ona Azərbaycan, Qazaxıstan, Gürcüstan, Polşa, Türkiyə və bir neçə gün bundan öncə qatılmış Rumıniyanın da logistika sahəsində fəaliyyət göstərən qurumları daxildir. 2016-cı ildə TBNM Konsorsium yaradılaraq marşrutun institusional əməkdaşlıq çərçivəsi müəyyən edilib, bütün marşrutboyu vahid keçid tarifi təyin olunub və “bir pəncərə” prinsipi tətbiq edilib. Bu konsorsium birbaşa Çin yük sahibləri və yük daşıyıcıları ilə danışıqlar aparır və Asiya ilə Avropa arasında yeni logistika xəttini aydan-aya gücləndirir. TBNM-in coğrafiyasının yaxın gələcəkdə Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstandan potensial tərəfdaşların marşruta qoşulması ilə genişlənməsi ölkələrimiz arasında əməkdaşlığa böyük töhfə verə bilər.

Amma Azərbaycan bundan əlavə, Cənub–Qərb ticarət dəhlizini də yaradıb. Polşa kimi geniş logistika imkanlarına malik ölkə artıq onun iştirakçısıdır. Bu, başqa logistika coğrafiyasıdır və onun zənciri Hindistandan Avropa uzanır. Biz burada da Bolqarıstanı göstərmək istərdik.

-Cənab Nazir, Avropa-İttifaqı ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Hazırda Aİ ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar gedir, danışıqların hazırkı statusu və ümumiyyətlə, münasibətlərin perspektivləri ilə bağlı nə deyə bilərsiniz?

-Bildiyiniz kimi, Azərbaycanla Avropa İttifaqı bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətini bölüşürlər. Etiraf etməliyəm ki, tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından çox faydalı olub. Bu xüsusda, cari il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Aİ Şurasının prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, oktyabrın 15-də isə Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər görüşü çərçivəsində rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim. İkitərəfli əməkdaşlığımızda mühüm mərhələni açan bu sənəd Aİ və Azərbaycan arasında strateji əhəmiyyətli yeni hərtərəfli saziş layihəsi üzrə konkret əməkdaşlıq istiqamətlərinin, o cümlədən sülh və təhlükəsizlik sahəsində birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur. Sənəddə tərəflər ərazi bütövlüyü, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı və bir-birinin müstəqillik və suverenliyinə sadiq qaldıqlarını vurğulayırlar.

Hazırda Aİ ilə Azərbaycan arasında strateji əhəmiyyətli, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə intensiv və substantiv danışıqlar gedir. 2017-ci ildən başlanılan bu danışıqlar 3 istiqamət – siyasi-təhlükəsizlik, iqtisadi və sektoral üzrə aparılır və sənədin bir sıra bölmələri üzrə ilkin razılıq əldə edilib. İnanırıq ki, saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq.

-Yekunda Azərbaycan üçün ən əhəmiyyətli məsələ olan Dağlıq Qarabağ münaqişəsindən danışmaq istərdik. Münaqişənin həlli prosesindəki son vəziyyətlə bağlı fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik?

-İlk növbədə, qeyd etmək istərdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin davamlı inkişafı və tərəqqisi üçün ən vacib məsələlərdən biridir. Müstəqilliyinin ilk günlərindən etibarən qonşu Ermənistanın işğalçı siyasəti ilə üzləşən və ərazisinin beşdəbiri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan və bir milyondan çox əhalisi qaçqın və məcburi köçkünə çevrilən Azərbaycan sülhün, təhlükəsizliyin və sabitliyin dəyərini çox yaxşı anlayır. Məhz bu səbəbdən də ölkəmiz münaqişənin həlli üzrə 20 ildən çox müddət ərzində davam edən danışıqlarda iştirak edir və hər zaman münaqişənin həlli üzrə substantiv və nəticəyə yönəlik danışıqlara hazır olduğunu bəyan edib. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan baş naziri arasında bu yaxınlarda MDB Zirvə görüşü çərçivəsində baş tutan söhbət ölkəmizin münaqişənin həlli üzrə əsaslı danışıqlara hazır olduğunun bariz göstəricisidir.

Münaqişənin həllindən danışarkən qeyd etmək istərdim ki, burada hər hansı bir yeni prinsipin kəşf edilməsinə ehtiyac yoxdur. Bütün fundamental prinsiplər BMT Nizamnaməsində və ATƏT-in Helsinki Yekun Aktında əks olunur. Beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qərar və qətnamələrin tələbi birmənalıdır: Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı və bu ərazilərdən zor gücünə didərgin salınmış insanlar öz evlərinə geri qayıtmalıdır. Yalnız bundan sonra bölgədə sülh şəraitinin yaradılması, sabitliyin və tərəqqinin təmin edilməsi mümkündür.

Lakin təəssüf edirik ki, Ermənistanda hazırda mövcud olan vəziyyət və davam edən siyasi turbulentlik danışıqlar prosesinin irəli aparılmasını ləngidir. Ermənistan qısa zaman ərzində mövcud format çərçivəsində əsaslı dialoqa hazır olması üzrə siyasi iradəsini nümayiş etdirməli, bölgədə sülh və təhlükəsizliyə, eləcə də Ermənistanın özündə iqtisadi inkişafa gətirəcək sülh formulasının Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və yerli azərbaycanlıların bu ərazilərə geri qayıtmasından ibarət olduğunu anlamalıdır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.