SİYASƏT


Bolqarıstanın aparıcı televiziya və radiosunda Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumat verilib VİDEO

Sofiya, 12 noyabr, AZƏRTAC

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın Burqas şəhərinin aparıcı “Kanal O” televiziya kanalı və “Burgas Radio”suna müsahibələr verib.

AZƏRTAC xəbər verir ki, “Kanal O” televiziya kanalına müsahibəsində Ermənistanın Dağlıq Qarabağ bölgəsindən əlavə ətrafda yerləşən və ermənilərin heç zaman yaşamadığı yeddi rayonu işğal etməsi faktına diqqət çəkən diplomat Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və qeyri-qanuni məskunlaşma siyasəti aparıldığını qeyd edib. N.Qurbanova Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin hələ də icra olunmadığını diqqətə çatdırıb.

Münaqişənin tarixi barədə məlumat verən səfir tarixi ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma torpaqlarından didərgin düşdüyü, Azərbaycan tərəfinin münaqişənin siyasi yolla həll edilməsinin tərəfdarı olduğu qeyd edib.

Cari ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini atəşə tutduğunu bildirən diplomat BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Azərbaycanın özünümüdafiə və işğal olunmuş ərazilərini azad etmək hüququna sahib olduğunu vurğulayıb və Azərbaycanın Ermənistan ərazisində nə hərbi, nə də mülki hədəfinin olmadığını bildirib.

Ermənistanın Azərbaycan kəndlərinə və mülki əhalisinə daimi atəş açdığını, mülki əhali arasında ölən və yaralananların mövcud olduğunu vurğulayan N.Qurbanova iki ölkə arasında humanitar əsasda atəşkəsin elan olunmasından dərhal sonra cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinə raketlərlə hücum edilməsinin bunun bariz nümunəsi olduğu və insanlıq əleyhinə törədilmiş cinayət olduğunu vurğulanıb. Bu xüsusda qeyd olunub ki, Azərbaycan tərəfi Cenevrə Konvensiyasına uyğun olaraq mülki əhalini hədəfə almamış və Ermənistan tərəfinin bununla bağlı yaydığı məlumatlar saxtadır və beynəlxalq ictimaiyyəti aldatmağa yönəlib.

“Burgas Radio”suna müsahibəsində isə N.Qurbanova qardaşlaşmış şəhərlər olan Burqas şəhəri ilə Sumqayıt şəhəri arasında mövcud əlaqələrə toxunub, iki ölkə arasında mədəni əlaqələrin əhəmiyyətini qeyd edib, Azərbaycanda multikulturalizm ənənələri və “Bakı prosesi” barədə, eləcə də ölkəmizdə mövcud müsəlman və erkən xristianlıq mirası barədə məlumat verib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.