SİYASƏT
Bolqarıstanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 5 iyun, AZƏRTAC
Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir Azərbaycana təyin olunmasından məmnunluğunu ifadə edib, fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
Nazir Elmar Məmmədyarov səfir Nikolay Yankova diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edilib. Əsası qoyulmuş Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olunub.
Nazir Elmar Məmmədyarov Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.