MƏDƏNİYYƏT
Bolqarıstanlı mütəxəssis Bakı Xoreoqrafiya Akademiyasında bir sıra klassik rəqs nömrələrinə quruluş verib
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də “Stara Zagora” (Bolqarıstan) opera teatrının rejissoru və baş bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı Silviya Tomova Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) şagird və tələbələri üçün ustad dərsləri keçib.
BXA-dan AZƏRTAC-a bildirilib ki, ustad dərsləri çərçivəsində Silviya Tomova akademiya rəhbərliyi ilə də görüşüb. Görüşdə ustad dərsləri barədə fikir mübadiləsi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
Onu da qeyd edək ki, akademiyanın dəvəti ilə Bakıya gələn və bir ay davam edən ustad dərsləri çərçivəsində Silviya Tomova Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyinə həsr olunacaq Qala konsert üçün də bir sıra klassik rəqs nömrələrinə quruluş verib.