İQTİSADİYYAT
Boris Çesnokov: “Altay vilayəti Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır”
Bakı, 2 iyun, Sevda Cəfərova, AZƏRTAC
Rusiyanın Altay vilayəti Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.
Bunu Bakıda keçirilən Azərbaycan-Rusiya biznes forumunda iştirak edən Altay vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Boris Çesnokov AZƏRTAC–a müsahibəsində deyib.
Azərbaycana ilk dəfə gəldiyini söyləyən B.Çesnokov bildirib ki, səfərinin məqsədi Azərbaycan ilə Altay vilayəti arasında kənd təsərrüfatı sahəsində birgə əməkdaşlıq qurmaqdır. “Altay vilayəti kənd təsərrüfatı sahəsində Rusiyada liderlərdən biri hesab olunur. Əhalinin 50 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bizim torpaqların 6,5 milyon hektarı əkinəyararlıdır. Altay vilayəti un, şəkər çuğunduru, pendir, qarabaşaq istehsalı üzrə liderdir”, deyə B.Çesnokov qeyd edib.
Altay vilayətinin Ticarət və Sənaye Palatasının prezidenti Altay vilayətində əczaçılıq sənayesinin də çox inkişaf etdiyini söyləyib və bəyan edib ki, biznes-forumda iştirak edən şirkətlər Azərbaycanda tərəfdaş tapmaq və əməkdaşlıq etmək niyyətindədirlər.