DÜNYA
Boris Conson Cozef Baydendən turizm dəhlizi açmağı xahiş edəcək
Bakı, 2 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Cozef Baydendən vaksinasiya olunan vətəndaşlar üçün iki ölkə arasında turizm dəhlizi açmağı xahiş edəcək.
AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, hökumətlər səviyyəsində müzakirə olunan plana əsasən, ABŞ-dakı epidemioloji vəziyyət əlverişsiz olsa belə, peyvənd olunan amerikalılar Böyük Britaniyaya sərbəst gələ biləcəklər. London britaniyalılar üçün də oxşar şərtləri gözləyir.
Boris Conson və Cozef Baydenin bu təklifi iyunun 11-13-də Kornuoll yarımadasının Atlantik okeanı sahilində yerləşən Karbis-Bey kurort şəhərində keçiriləcək G7 sammitində müzakirə edəcəyi bildirilir.
Qeyd edək ki, Böyük Britaniyada vaksinasiya kampaniyası ötən il dekabrın 8-də, “Pfizer” peyvəndinin istifadəsinə icazə verildikdən sonra start götürüb. Yanvar ayından ölkədə “AstraZeneca”, aprelin ortalarından “Moderna” preparatlarından istifadə edilməyə başlanılıb, may ayının sonlarında isə bir komponentli “Janssen” peyvəndi təsdiqlənib. İndiyə qədər Birləşmiş Krallıqda 38,6 milyondan çox insan (əhalinin 58 faizdən çoxu) koronavirus əleyhinə peyvəndin ilk dozasını əldə edib, 24 milyon britaniyalı (əhalinin 36 faizi) isə tam vaksinasiya olunub.