Borsunlu tarixinə işıq salacaq qədim məzarlıq FOTO VİDEO
AzerTAg.az
Tərtər, 21 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Borsunlu kəndi Tərtər rayonunun ən qədim yaşayış məskənlərindəndir. Kəndin ərazisindəki Tunc və İlk dəmir dövrünə aid edilən kurqanlar dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısındadır. Borsunlu kəndinin qədimliyinin sübutlarından biri də köhnə qəbiristanlıqdır. 30 il təmas xəttində qaldığından bu qəbiristanlığa getmək, burada araşdırma aparmaq mümkün olmayıb. 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra artıq sakinlər köhnə qəbiristanlığı ziyarət edə bilirlər. Kənd sakinləri buradakı qədim qəbir daşlarının və türbələrin əsrlərlə yaşı olduğunu bildirirlər.
AZƏRTAC-ın bölgə müxbiri Borsunluya gedərək kəndin tarixi və abidələri ilə maraqlanıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsi Tərtər rayonu üzrə baş mütəxəssisi Kəmalə Abbaszadə bildirib ki, Tərtər rayonunda 24 tarix və mədəniyyət abidəsi var. Onlardan biri Tunc və İlk dəmir dövrünə aid Borsunlu kurqanlarıdır.
Dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatında olan Borsunlu kurqanları Borsunlu kəndinin şimal hissəsində yerləşir. 1981-ci ildə aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl III minilliyə aid olan Borsunlu kurqanı aşkarlanıb. İlk tunc dövrünə aid edilən bu abidələrdən birinin sahəsi 15 kvadratmetr sahədə gil daşlardan kvadrat şəklində hörülmüş üçmərtəbəli qəbirdir. Üst təbəqədə 1, ikinci mərtəbədə 8, üçüncü mərtəbədə isə 10 insan skeleti aşkar edilib. Həmin yerdə Çar kurqan adlandırılan və tayfa başçısının basdırıldığı ehtimal olunan qəbir aşkarlanıb. Qəbirin uzunluğu 32 metr, eni 8 metr, dərinliyi 4 metrdir. Qəbrin üstündə 200-dən çox indi nadir tapılan arqan ağacı döşənmişdir. Tabut əsasən qızıl və tuncla mismarlanmışdır ki, indiyə qədər qızıl mismar vurulmuş tabuta demək olar, rast gəlinməyib. Tabutda tayfa başçısının döyüş silahları, saxsı qablar və bəzək əşyaları da tapılıb. Qəbirin bir tərəfində qul və kənizlər dəfn edilib, başqa bir hissəsində isə atlar basdırılıb. Arxeoloji materiallar göstərir ki, Borsunlu ərazisində yaşamış insanlar üzümçülük və maldarlıqla məşğul olmuşlar.
Kəmalə Abbaszadə Borsunlu kurqanları ilə yanaşı kəndin köhnə qəbiristanlığında da monitorinqlər aparıldığını deyib: “Borsunlu kəndinin köhnə qəbiristanlığı uzun illər təmas xəttində yerləşdiyindən insanlar bura gedə bilməyiblər. Vətən müharibəsindən sonra biz həmin qəbiristanlığa gedərək monitorinqlər apardıq və iki türbə aşkar etdik. Həmin türbələr yeni aşkar edilmiş tarixi abidələr kimi qeydiyyata alınıb”.
Borsunlu sakinləri də söhbət zamanı kəndin tarixi ilə bağlı maraqlı məlumatlar söyləyiblər. Kənd sakini Vaqif Qədimov: “Borsunlu adının yaranması ilə bağlı bir neçə fərziyə var. Onlardan biri odur ki, vaxtilə kəndin yuxarı hissəsində bulaqların olması ilə əlaqədar bura bol sulu yer adlandırılıb. Bolsulu sözü sonradan dəyişilərək Borsunlu kimi işlənməyə başlayıb”.
Kəndin digər sakini İlqar Orucov bildirib ki, Borsunlunun yaşayış məskəni kimi 6 min il tarixi var. Borsunlu kəndinin adı isə qədim barsil tayfasının ilə bağlıdır. Ehtimallara görə, Şimali Qafqazdan gəlmiş barsil tayfası IX-XI əsrlərdə burada məskunlaşmış və kəndin adı da bu tayfanın adından götürülmüşdür.
“Borsunlu kəndinin qədim qəbiristanlığında yaşı 600-700 il olan qəbirlər var. Qəbiristanlıqdakı türbələrin XVIII-XIX əsrə aid olduğu deyilir. Bu türbələr ermənilərin atəşi nəticəsində dağılıb. Qəbiristanlıq son 30 ildə təmas xəttində yerləşdiyindən və ətrafdakı yüksəkliklər düşmən nəzarətində olduğundan bura gəlmək olmurdu. 44 günlük Vətən müharibəsindən sonra isə düşmən ətrafdakı yüksəkliklərdən qovulduğu üçün kənd sakinləri qəbiristanlığı ziyarət edə bilirlər. Qəbiristanlıqdakı köhnə qəbirlərin və türbələrin araşdırılmasına ehtiyac var. Burada araşdırmaların aparılması tariximiz üçün əhəmiyyətli olar, kəndin tarixinə işıq sala bilər”, – deyə kənd sakini bildirib.














Xəbərin mətnində orfoqrafik səhv var