DÜNYA
Boru kəməri şirkəti neft sızmasına görə təqribən 1 milyon dollar kompensasiya ödəyəcək
Vaşinqton, 29 iyul, AZƏRTAC
Keçən il Cənubi Kaliforniyanın yaxınlığında təqribən 25.000 qallon xam nefti okeana axıtmış yeraltı neft kəmərinin sahibi okeanın təmizlənməsi üçün təqribən 1 milyon dollar kompensasiya ödəyəcək.
AZƏRTAC xəbər verir ki, Orinc dairəsinin müşahidə şurası keçən ilin oktyabr ayında Hantinqton-Biç sahillərində neft sızmasının nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər barədə “Amplify Energy Corp.” şirkəti tərəfindən irəli sürülmüş iddiaların tənzimlənməsi təklifini qəbul etməyə razılaşıb. Boru kəmərinin partlaması nəticəsində sahildən təqribən 6,4 kilometr məsafədə 94.600 litrə yaxın neft okeana axıb. Sızmanın nəticələri əvvəl güman edildiyinə nisbətən çox ciddi olmadığına baxmayaraq, çimərlikləri bir həftə bağlamaq, balıq vətəgələrinin işini bir aydan artıq müddətə dayandırmaq lazım gəlib, faunaya ciddi ziyan dəyib, sulu-bataqlıq torpaqlar çirkləndirilib.
Müstəntiqlərin fikrincə, bu hadisədən bir neçə ay əvvəl - 2021-ci ilin yanvar ayında güclü külək zamanı yük gəmisinin lövbəri dəniz neft platformalarından nefti sahilə çatdıran San-Pedro-Bey boru kəmərinə ilişib və kəmər zədələnib, oktyabrın 1-də isə kəmər partlayıb. 956.352 dollar məbləğində kompensasiyanın təqribən 238.000 dolları dairənin İctimai İşlər Departamenti üçün ayrılacaq. Departament sulu-bataqlıq torpaqların neftlə çirklənməsinin qarşısını almaq üçün maneələr inşa edib.