SİYASƏT
Bosniya və Herseqovina parlamentinə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz hərəkətləri ilə bağlı məktub ünvanlanıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məzahir Əfəndiyev tərəfindən Bosniya və Herseqovina parlamentinə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindəki son qanunsuz hərəkətlərinə, eləcə də alovlandırıcı ritorikasına diqqət yönəltmək üçün məktub ünvanlanıb.
AZƏRTAC xəbər verir ki, məktubda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Baş katibinin qlobal atəşkəs çağırışına dəstəyini genişləndirdiyi bir vaxtda Ermənistan tərəfinin yenidən təxribata əl ataraq Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlar, Azərbaycan Ordusunun hərbi qulluqçularına və mülki şəxslərə qarşı törətdiyi təcavüz aktı öz əksini tapıb.
Həmçinin Ermənistanın son dərəcə təxribat xarakterli bəyanatlarının davam etdiyi, Azərbaycanın ikinci ən böyük yaşayış məntəqəsi olan Gəncə şəhərinə və Mingəçevir su elektrik stansiyası kimi strateji mülki infrastruktura zərbə vurmaqla bağlı hədə xarakterli son açıqlamaları da qeyd olunub.
Eyni zamanda, deputat Ermənistanın Dağlıq Qarabağda son 30 ildə tətbiq etdiyi demoqrafik siyasəti qeyd edərək, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşma etməklə son vaxtlar Livandan olan erməni qaçqınlarının məqsədli şəkildə yerləşdirilməsini və beynəlxalq miqrasiya qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasını da xüsusi vurğulayıb.
Son olaraq məktubda M.Əfəndiyev həmkarlarını Ermənistanı təxribatçı və militarist siyasətindən çəkinməyə inandırmağa, işğal olunmuş ərazilərimizin fiziki, mədəni və demoqrafik xarakterini dəyişdirməyə yönəlmiş fəaliyyətə son qoymağa, beynəlxalq hüququn norma və prinsiplərinə qeyd-şərtsiz əməl olunaraq təxribatçı Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasına əməli töhfə verməyə səsləyib.