SİYASƏT
Bosniya və Herseqovinada Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi anılıb
Sarayevo, 28 sentyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin əməkdaşları dövlətimizin maliyyə dəstəyi ilə Sarayevo şəhərində əsaslı təmir və bərpa edilmiş “Dostluq parkı”nda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, abidə önünə əklil qoyublar.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 27 sentyabrın Anım Günü elan olunduğunu, vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, torpaqlarımızın işğaldan azad edilməsi yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin istər ölkəmizdə, istərsə də digər dövlətlərdə böyük ehtiramla anıldığını bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo