DÜNYA
Bosniya və Herseqovinada katoliklərin sayı iki dəfə azalıb
Sarayevo, 11 may, AZƏRTAC
Bosniya və Herseqovinada katoliklərin sayının iki dəfə azaldığı bildirilib.
AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Yepiskoplar Konfransının üzvlərinin yaydığı məlumata görə, ölkədə əksəriyyəti xorvatlar olan katoliklərin sayının azaldığı və hazırda onların sayının 350 min civarında olduğu qeyd edilib. Bildirilib ki, Bosniya müharibəsindən əvvəl katoliklərin sayı 760 min nəfər olub. Son 30 ildə xorvatlar da daxil olmaqla, katoliklərin yarısından çoxu və ya təxminən 54,6 faizi ölkədən gedib. 1991-ci ildə 220 minədək katolikin olduğu Serb Respublikasında vəziyyət xüsusilə mürəkkəbdir. Belə ki, hazırda onların sayı cəmi 15 min nəfərdir. Son siyahıyaalmaya görə, Bosniya və Herseqovina Federasiyasında isə xorvatların yalnız 22,4 faizi yaşayır.
Mütəxəssislər bunun çətin müharibə şəraiti, mənfi demoqrafik tendensiya, miqrasiya və siyasi problemlərin nəticəsi olduğunu bildirirlər.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo