DÜNYA


Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizədlik statusunun verilməməsi ölkədə birmənalı qarşılanmayıb

Sarayevo, 25 iyun, AZƏRTAC

Bosniya və Herseqovinaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizədlik statusunun verilməməsi ölkədə birmənalı qarşılanmayıb.

AZƏRTAC xəbər verir ki, Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı ölkələrinin liderləri Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizədlik statusu verib, Bosniya və Herseqovina ilə bağlı təşəbbüs isə qəbul edilməyib.

Yerli media Moldovaya namizədlik statusu verildiyi halda, Bosniya və Herseqovinanın qəbul olunmamasını sərt şəkildə tənqid edib.

Bosniya və Herseqovinaya namizədlik statusunun verilməsi üçün Avstriya ilə birlikdə ən çox diplomatik səy göstərən ölkə olan Sloveniyanın Baş naziri Robert Qolob Bosniya və Herseqovinanın namizədlik statusu əldə etməməsinə baxmayaraq, bu yolda böyük bir addım atıldığını bildirib. Bosniya və Herseqovinanın namizədliyinin sammitdə bir neçə saat müzakirə edildiyini deyən R.Qolob Aİ-nin 14 əsas şərti yerinə yetirildiyi təqdirdə Bosniya və Herseqovinanın cari ildə namizədlik statusu ala biləcəyini qeyd edib.

Bosniya və Herseqovinanın namizədliyini dəstəkləyən qonşu ölkə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç isə deyib ki, Aİ ilk dəfə olaraq Bosniya və Herseqovinaya namizədlik statusu verməyə hazır olduğunu bəyan edib və əgər Bosniya və Herseqovina hökuməti lazımi addımları atsa, ölkə ilin sonuna qədər namizədlik statusu ala biləcək. O, Bosniya və Herseqovinanın namizədliyi üçün islahatlara xüsusi önəm verildiyini bildirib, bunların ən mühümlərinin isə konstitusiya islahatları və seçki qanunvericiliyində islahatlar olduğunu vurğulayıb.

Sammitdə Almaniya, Fransa və Niderlandın Bosniya və Herseqovinaya Aİ üzvlüyünə namizədlik statusunun verilməsi təklifinə qarşı çıxdıqları bildirilir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.