İDMAN
Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizəd kimi irəli sürülüb VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Amerikanın Boston şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə namizəd kimi irəli sürülüb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu qərarı ABŞ Milli Olimpiya Komitəsi (MOK) qəbul edib.
Komitənin başçısı Larri Probstun bəyanatında deyilir: “2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək barədə planlarımız bizi ruhlandırır. Düşünürük ki, Boston şəhərinin timsalında çox güclü tərəfdaşımız var. O, inandırıcı sifariş təqdim edilməsi üçün bizimlə qarşılıqlı fəaliyyət göstərəcək”.
2024-cü il Yay Olimpiadasının paytaxtı seçilmək üçün Birləşmiş Ştatlardan iddiaçılar arasında Bostonla yanaşı Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərləri də vardı.
2024-cü il Yay Olimpiya Oyunlarının keçiriləcəyi yer 2017-ci ildə seçiləcək. Bu barədə sifarişlərin qəbulu 2015-ci il sentyabrın 15-də başlanacaq və 2016-cı ilin aprel-may aylarına qədər davam edəcək. Bundan sonra Beynəlxalq Olimpiya Komitəsi iddiaçı şəhərlərin son siyahısını təsdiq edəcək.