ELM VƏ TƏHSİL
Botanika İnstitutunda Gənclər Günü münasibətilə keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb



Bakı, 2 fevral, AZƏRTAC
AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Azad Həmkarlar Komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri institutun baş direktoru professor Səyyarə İbadullayeva açaraq Gənclər Günü münasibətilə gəncləri təbrik edib. O qeyd edib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Dövlətin gənclərə diqqət və qayğı göstərməsi Azərbaycan gəncliyində özünə inam hissini artırır. Səyyarə İbadullayeva gənclərin elmə cəlb olunması institut rəhbərliyinin qarşıya qoyduğu vacib məsələlərdən biri olduğunu vurğulayıb, impakt faktorlu jurnallarda məqaləsi çap olunan gənclərə institut tərəfindən maddi dəstəyin göstəriləcəyini də diqqətə çatdırıb. Həmçinin gənclərə dəstək məqsədilə institutun doktorant və magistrantları üçün ingilis dili dərsinin yüksək səviyyədə keçirildiyini bildirib.
Çıxış edənlər ölkəmizin inkişafında Azərbaycan gəncliyinin əhəmiyyətli rolundan söz açıb, institutun gənc əməkdaşlarını təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Gənclər Günü münasibətilə Botanika İnstitutunda yüksək elmi və ictimai fəaliyyəti ilə seçilən 23 gənc arasında müsabiqə keçirilib. Müsabiqə elmi əsərlərin ümumi sayı, məqalələrin indeksləşdirilmiş jurnallardakı sayı, elmi əsərlərə olunan istinadların sayı nəzərə alınaraq müəyyən olunmuş nominasiyalar üzrə aparılıb. Müsabiqənin nəticələrinə əsasən, Yusif Abiyev birinci, Nigar Mürsəl qızı ikinci, Elgün Mustafabəyli və Aytac Əliməmmədova üçüncü yerə layiq görülüblər.
Sonda gənclərə diplom, sertifikat və hədiyyələr təqdim olunub.
Gənc Alim və Mütəxəssislər Şurası Aydan Zeynalova gənclər adından çıxış edərək onlara göstərilən diqqət və dəstəyə görə institut rəhbərliyinə minnətdarlığını bildirib.