ELM VƏ TƏHSİL
Botanika İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
Bakı, 21 iyun, AZƏRTAC
AMEA Botanika İnstitutunun II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş botanika ixtisası üzrə 3, mikologiya ixtisası üzrə 1, bitki fiziologiyası ixtisası üzrə 1 və ətraf mühitin mühafizəsi və monitorinqi ixtisası üzrə 1 magistrant dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər.
Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.
Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri biologiya elmləri doktoru Eldar Novruzov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib.
İnstitutun direktoru, akademik Validə Əlizadə magistrantları təbrik edərək onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.