ELM VƏ TƏHSİL
Botanika İnstitutunda magistrantların dissertasiyalarının onlayn müdafiəsi keçirilib
Bakı, 26 iyun, AZƏRTAC
AMEA-nın Botanika İnstitutunda 2019-2020-ci tədris ilində təhsilini başa vuran II kurs magistrantlarının magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda 3 ixtisas üzrə 4 magistrant dissertasiya işini müdafiə edib.
Akademik Validə Əlizadənin sədrliyi və 9 nəfərdən ibarət elmi şuranın üzvlərinin iştiraki ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak ediblər.
Botanika İnstitutundan mikologiya ixtisası üzrə 2, Mikrobiologiya İnstitutundan mikrobiologiya ixtisası üzrə 1 və Zoologiya İnstitutundan onurğalılar zoologiyası ixtisası üzrə 1 magistrant dissertasiya işini təqdim edib.
Sonda dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib və səsvermə nəticələrinə əsasən magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.