ELM VƏ TƏHSİL
Botanika İnstitutunda qlobal məlumat bazalarının imkanları barədə maarifləndirici seminar keçirilib
Bakı, 2 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda “Elmi tədqiqatlar üçün elektron məlumat bazalarından səmərəli istifadə” mövzusunda maarifləndirici seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda bu elm müəssisəsinin təhsil şöbəsinin müdiri, dosent Rəşad Səlimov mütəxəssisləri “Web of Science” və “Scopus” kimi qlobal məlumat bazalarının imkanlarından və əsas elementlərindən tədqiqatlar zamanı səmərəli istifadə qaydaları ilə tanış edib.
Tədbirdə qlobal elmi bazaya çıxışı təmin edən “Web of Science” məlumat platformasına daxil olan aparıcı beynəlxalq elmi nəşrlərin seçilməsi qaydaları izah olunub. Həmçinin AMEA-nın elmi müəssisələri, o cümlədən Botanika İnstitutu üçün də istifadəyə açıq olan “Web of Science” saytında və elmi istinadların məlumat bazasında axtarış vasitələrindən səmərəli istifadə yolları əyani göstərilib.