Botanika İnstitutunun baş direktoru Kürdəmirdə təcrübə dayaq məntəqəsində olub
AzerTAg.az
Bakı, 22 iyun, AZƏRTAC
AMEA Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva müəssisənin Kürdəmir rayonunun ərazisində yerləşən Karrar təcrübə dayaq məntəqəsində olub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, səfər Kürdəmir rayonunda yerləşən təcrübə dayaq məntəqəsində tarla təcrübələrinin vəziyyətinin araşdırılması və istehsalat şəraitində təsərrüfatda becərilən bitkiçilik məhsullarına baxış keçirmək məqsədi daşıyıb. Becərilən bitkilər içərisində dərman və qida boyası kimi tanınan Carthamus tinctorius-yalançı zəfəran və ya boyaq zəfəranı sənaye əhəmiyyətli bitki kimi diqqəti daha çox cəlb edib. Bitkinin toxumlarından əldə edilən yağ marqarin istehsalında istifadə olunur. Tibdə isə laksatif, sidikqovucu, xoleretik kimi istifadə olunur. Çiçəklərdən rəng çıxarıldıqdan sonra karotin istehsalı üçün çox əhəmiyyətlidir. Səyyarə İbadullayeva bitkinin daha geniş becərilməsini məqsədəuyğun hesab edib.
S.İbadullayeva mərkəzin əməkdaşları ilə görüşüb, inzibati binaya və maddi-texniki bazaya baxış keçirib. Həmçinin məhsul yığımı və əkin sahələrinin cari vəziyyəti müşahidə olunub, müvafiq tapşırıqlar verilib. Sahəyə iki ədəd 30 tonluq su çəni yerləşdirilib.

Xəbərin mətnində orfoqrafik səhv var