ELM VƏ TƏHSİL
Botanika İnstitutunun əməkdaşları təcrübə sahələrində olublar











Bakı, 7 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun əməkdaşları Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, ekspedisiya Botanika İnstitutu ilə Kənd Təsərrüfat Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında bağlanmış saziş çərçivəsində həyata keçirilib.
İnstitutun Eksperimental botanika şöbəsinin əməkdaşları biologiya üzrə fəlsəfə doktorları Rəna Qəniyeva, Gülnar Sultanova, Sevil Dadaşova və Gülnarə Babayevanın iştirakı ilə həyata keçirilən ekspedisiyanın məqsədi müxtəlif bitki növlərində olan xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub.
Alimlər Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda fəaliyyət göstərən Mikroklonal çoxaltma, Molekulyar biologiya laboratoriyalarında, istixana kompleksində müvafiq cihaz və qurğular, onların iş prinsipi, yeni üsullarla tanış olub, təcrübə sahələrində yetişdirilən gavalı, albalı və alma ağaclarını müşahidə ediblər.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sevil Süleymanova ilə görüş zamanı qarşılıqlı təcrübə və əməkdaşlıq perspektivləri müzakirə olunub.