ELM VƏ TƏHSİL
Botnetlərin aşkarlanması metodu işlənilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun 1 və 2 nömrəli şöbələrinin növbəti birgə elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminar C&C kommunikasiya obrazları əsasında təlim vasitəsilə botnetlərin aşkarlanması metodunun işlənməsi mövzusuna həsr olunub.
Dissertant Gülnarə Qarayeva məruzəsində zərərli proqram təminatı ilə yoluxan kompüter şəbəkəsi olan botnetlərdə komanda-idarəetmə sisteminin təşkili prinsiplərini diqqətə çatdırıb. Komanda-idarəetmə mərkəzləri ilə botlar arasında mübadilə edilən məlumatların bəzi xarakterik xüsusiyyətlərinin botnetləri aşkarlamağa imkan verdiyini və son illər bu sahə üzrə tədqiqatlarda süni intellekt və dərin təlim metodlarına daha çox müraciət edildiyini vurğulayıb.
Gülnarə Qarayeva hazırda müxtəlif sahələrdə geniş tətbiq edilən dərin neyron şəbəkələrin müxtəlif arxitekturaları barədə geniş məlumat verib. Aktivləşdirmə funksiyalarının növlərini və onların seçilməsi üzrə tövsiyələri diqqətə çatdırıb.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Dissertantın elmi rəhbəri, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev bir sıra tövsiyə və təkliflərini səsləndirib.