DÜNYA
Botsvanada fillərin yeni kütləvi tələfatı qeydə alınıb
Bakı, 29 yanvar, AZƏRTAC
Botsvananın hakimiyyət orqanları ölkə qoruqlarının birində 11 filin gözlənilməz ölümünün səbəblərini tədqiq etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Reuters agentliyi Botsvananın ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar və turizm nazirliyinə istinadla məlumat yayıb. “Moremi qoruğunda fillərin tələf olduğu yerə mütəxəssislər qrupu göndərilib. Onlar gələcək tədqiqatlar üçün heyvanların hüceyrələrindən nümunələr götürəcəklər”, - deyə nazirliyin nümayəndəsi bildirib.
Altı ay əvvəl Botsvanada Okvanqo çayının şimal hissəsində yerləşən qoruqda 330 fil ölmüşdü. Moremi qoruğu bu rayondan 100 kilometr aralıda yerləşir.
Hökumət komissiyası müəyyənləşdirmişdi ki, Okvanqo rayonunda fillərin kütləvi tələfatına su mənbələrindəki siyanobakteriyalar səbəb olub. Onlar su vasitəsilə heyvan orqanizminə düşərək zəhərlənməyə və ölümə gətirib çıxarıb.
Hazırda Afrika ölkələri arasında ən çox fil Botsvananın vəhşi təbiətində yaşayır – 130 min. Bütün Afrika qitəsində isə ümumilikdə 350 min fil var.