REGİONLAR


Boyaların su ilə rəqsi VİDEO

Gəncə, 13 yanvar, Elcan Məmmədov, AZƏRTAC

Dekorativ tətbiqi sənət növlərindən olan su üzərində rəsm çəkmə sənəti - ebru qədim tarixə malik sənət növüdür. Belə ki, dahi şair Nizami Gəncəvi öz əsərlərində ebrudan bəhs etmiş, bəzi araşdırmaçıların məlumatına görə, özü də bu sənət növü ilə məşğul olmuşdur. Son illərdə unudulmaqda olan ebru sənətinə gənclər arasında maraq artmaqdadır.

AZƏRTAC-ın bölgə müxbiri Gəncə Gənclər Evində yerləşən dekorativ tətbiqi sənət ustası, ebruzən Sona Məhərrəmovanın emalatxanasına baş çəkib, ebru sənətinin incəlikləri ilə tanış olub.

O, ebru sənətinin özünəməxsusluğunun tamamilə təbii, yəni təbiətdən əldə olunan materiallar əsasında ərsəyə gəlməsi olduğunu deyib: “Ebru bir gün ərzində qatılaşdırılmış su üzərində hazırlanır. Qatılaşdırılmış su gəvən ağacı adlanan təbii tikan otunun köməyi ilə alınır. Gəvən otunun gövdəsindən nişastaya bənzər maddə çıxır ki, bu da suyu qatılaşdırır və nəticədə boyalar suyun üzərində dağılmır. Boyalar torpaqdan hazırlanır və mərmər üzərində əzilir. Boyaların içinə həm incə, həm də suyun üzərində qala bilməsi üçün mal ödünün suyu qatılır. Bu, həm də boyaların bir-birinə qarışmamasına və yapışqan olmalarına imkan verir. Fırçalar at quyruğundan, gövdəsi isə gül ağacından hazırlanır. Fırça bu şəkildə hazırlanır ki, su üzərində ebrunun naxışlarını idarə etmək rahat olsun”.

Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında “Şapurun Şirini tərifi və Xosrovun ona aşiq olması” hissəsində rəssam Şapur haqqında danışarkən ebru sənətini incə, zərif iş adlandırır:

Zirək, şəkil çəkən, qələmi iti,
Xəyalən çəkərdi min bir surəti.
İncə, zərif işdə xeyli pərgardı,
Suların üstündə naxış salardı.

Ebrunu kağızla yanaşı, ağacın və keramika qabların üzərinə də çəkmək mümkündür. Bu sənət XVII əsrdə diplomatik yazışmalar və ticarət əlaqələri vasitəsilə Avropada da tanınmağa başlayıb. Ona “türk mərmər kağızı” deyiblər. Bu cür kağızdan kitab çapında və üzlənməsində, hədiyyələrin tərtibatında istifadə olunub. Sonralar xüsusilə gözəl işlənən ebruları haşiyəyə alıb rəsm əsəri kimi divardan da asmağa başlayıblar.

“Ebrunun bu gün ən çox battal, gəldi-getdi və fərdi növləri istifadə olunur. Ümumiyyətlə, ebru ilə məşğul olmaq insanın əsəblərini sakitləşdirir, ruhunu dincəldir. Bu işlə məşğul olduqda sanki öz emosiyanı, düşüncələrini su üzərində təsvir edirsən. Gənclər və yeniyetmələr arasında bu sənət növünə maraq böyükdür. Biz də bu sahəyə marağı olan insanlar üçün kurslar təşkil edirik”, - deyə Sona Məhərrəmova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.