CƏMİYYƏT


Böyrəklərin polikistoz xəstəliyi

Bakı, 1 dekabr, AZƏRTAC

Böyrəklərin polikistoz xəstəliyi autsom-dominant yolla, yəni genetik ötürülən irsi xəstəlikdir. Əgər valideynlərin birində bu problem varsa, övladın xəstə olma ehtimalı 50 faizə bərabər olur. Xəstəliyə kişi və qadınlar arasında eyni sıxlıqda rast gəlinir. Polikistoz zamanı kistlər böyrəklərin xaricində digər orqanlarda da ola bilər. Bu törəmələr əsasən qaraciyərdə olur, nadir hallarda isə dalaq və pankreasda müşahidə edilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının nefrologiya şöbəsinin həkim-nefroloqu Orxan Quliyev məlumat verib.

Mütəxəssis bildirib ki, bu xəstəlikdən əziyyət çəkənlərdə bəzən heç bir şikayət olmaya bilər: “Ümumiyyətlə, yaş artdıqca şikayət və əlamətlərin ortaya çıxma ehtimalı da çoxalır. Xəstəliyin əsas əlamətləri ağrı, yüksək arterial təzyiq, qanlı sidik, sidik yolu infeksiyaları və böyrək daşı xəstəliyinə meyillilikdir. Diaqnozun qoyulması üçün əsasən ultrasəs müayinəsi yetərlidir. Lakin bəzən maqnit rezonans tomoqrafiyaya da ehtiyac olur. Böyrəklərin polikistoz xəstəliyində kistlərin böyüməsi və ya əmələ gəlməsinin qarşısını alınması üçün istifadə edilən hansısa bir preparat yoxdur”.

O.Quliyev bildirib ki, yüksək arterial təzyiqdən əziyyət çəkənlərdə böyrək çatışmazlığı riski daha yüksək olur. Bu səbəbdən antihipertenziv müalicə çox əhəmiyyətlidir.

Həkim yüksək arterial təzyiqdən əziyyət çəkən polikistik xəstələrə profilaktik tədbir olaraq ilk növbədə əsasını duzsuz yeməklər təşkil edən pəhrizi məsləhət görüb: “Bundan başqa artıq çəki almamağa diqqət yetirilməlidir. Çünki artıq çəkili insanlarda böyrək çatışmazlığı riski daha yüksək olur. Siqaret çəkmək, alkoqollu içki içmək kimi zərərli vərdişlər də bu xəstəlik üçün təhlükəli amil hesab olunur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.