İQTİSADİYYAT
“Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı ictimai müzakirələr başa çatmışdır VİDEO
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Böyük Bakının Regional İnkişaf Planı”nın (sxemi) layihəsinin yekun variantına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev tədbirin əsas məqsədlərindən birinin də “Böyük Bakının Regional İnkişaf Planı”nın hazırlıq vəziyyəti barədə geniş ictimaiyyətə ətraflı məlumat verilməsindən ibarət olduğunu bildirmişdir.
“Böyük Bakının Regional İnkişaf Planı” ilə bağlı ictimai müzakirələrin artıq başa çatdığını söyləyən C.Qocayev vurğulamışdır ki, layihə MDB çərçivəsində şəhərsalma sahəsində hazırlanmış ilk nəhəng miqyaslı sənəddir. Bu layihədə paytaxtın nəqliyyat, yol, tikinti, ekoloji və başqa problemlərinin həll edilməsi nəzərdə tutulmuşdur.
2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərinin və Abşeron rayonunun bir hissəsi, eləcə də Sumqayıt şəhərini əhatə etmişdir.
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov çıxış edərək bildirmişdir ki, şəhərsalmada əvvəlcə regionların planlaşdırılma sxemi olmalı, həmin sənəddə bələdiyyələrin, şəhərlərin və qəsəbələrin inzibati sərhədləri, nəqliyyat, energetika və iqtisadi inkişaf məsələləri, texnogen və ekoloji xarakterli məhdudiyyətlər göstərilməlidir.
Bildirilmişdir ki, regional inkişaf planı (sxemi) təsdiq edildikdən sonra rayonların, şəhərlərin, bələdiyyələrin və qəsəbələrin inzibati sərhədləri əsas götürülərək onların baş planları işlənib hazırlanır. Şəhərdə hər hansı bir tikilinin müfəssəl planı olmadan inşaat işləri görülə bilməz. Bu, şəhərsalma qanunvericiliyində ən kobud qayda pozuntusudur.
A.Ələsgərov vurğulamışdır ki, şəhərsalmanın üçüncü mərhələsi şəhər icra hakimiyyəti tərəfindən hazırlanan ətraflı plandır. Şəhər icra hakimiyyəti paytaxtın, bələdiyyələrin, qəsəbələrin baş planını əsas tutaraq mühüm şəhərsalma sənədlərindən birini yaradır. Bundan sonra tikinti layihəsinin hazırlanması və həyata keçirilməsi üzrə işlər başlanılır. Həmin prosedur qaydalarına dəqiq riayət edilməlidir. Əks halda, bu, şəhərsalma intizamının pozulması kimi qiymətləndiriləcək və müvafiq tədbirlər görüləcəkdir.
Komitə sədri qeyd etmişdir ki, baş planın əsas təyinatlarından biri də magistral yolların haradan çəkilməsidir. Çünki istənilən şəhərin inkişaf perspektivi magistral yollarla sıx əlaqədardır.
Qeyd olunmuşdur ki, layihəyə uyğun olaraq, Pirallahı qəsəbəsində turizm kompleksinin yaradılması, paytaxtın bir sıra sənaye müəssisələrinin əhali sıxlığı çox kiçik olan Qaradağ rayonuna köçürülməsi, Ələt qəsəbəsinin şəhərə çevrilməsi, burada yaşayış massivlərinin salınması və əhalinin məşğulluğu istiqamətində tədbirlərin görülməsi və digər işlərin reallaşdırılması nəzərdə tutulmuşdur. Bundan əlavə, neft-kimya sənayesi şəhəri sayılan Sumqayıtdan da bəzi sənaye obyektlərinin çıxarılması planlaşdırılmışdır.
Bakı şəhərinin “Sovetski” adlanan ərazisindəki köhnə evlərin sökülməsinə münasibət bildirən A.Ələsgərov həmin ərazidə heç bir tikinti işlərinin aparılmayacağını, burada yalnız yaşıllıq və abadlıq işlərinin görüləcəyini söyləmişdir.
Nəzərə çatdırmışdır ki, paytaxtın mərkəzi hissəsindən iri obyektlərin şəhərdən kənara köçürülməsi və ərazinin abadlaşdırılması əsas vəzifə kimi qarşıya qoyulmuşdur.