İDMAN
Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi Bakıya gəlib
Bakı, 12 noyabr, AZƏRTAC
Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi Bakıya gəlib.
AZƏRTAC xəbər verir ki, E.Seynsburi Heydər Əliyev Fondunun və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək “Yenilməzlər” adlı beynəlxalq qala-təqdimatda iştirak etmək üçün ölkəmizə səfər edib.
O, 2009-cu ildə 7 görkəmli şəxsdən biri kimi Paralimpiya ordeninin mükafatçısı olub. “Bakı 2015” ilk Avropa Oyunları komissiyasının üzvü kimi Atletlər kəndinin yaradılmasında fəal iştirak edən E.Seynsburi hazırda Niderlandda İdman infrastrukturu və idmanın texniki planlaşdırılması təşkilatının direktoru vəzifəsində işləyir.
Azərbaycan Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulmasında və təbliğində onun xüsusi xidmətləri var. Mütəxəssis hazırda bu missiyanı davam etdirir. E.Seynsburi Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısının 2016-cı il fevralın 2-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.