İQTİSADİYYAT
Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi ilə bağlı müzakirə aparılıb




Bakı, 31 may AZƏRTAC
Böyük Britaniya ilə Azərbaycan arasında energetika, bərpaolunan enerji sahəsində birgə layihələr və iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Bakıda Britaniya Ticarət Palatasının aylıq görüşü keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında strateji tərəfdaşlıq, qarşılıqlı etimad və ümumi dəyərlərin möhkəm təməli üzərində qurulan əlaqələr inkişaf edir. İqtisadi əməkdaşlıq çərçivəsində Böyük Britaniya iqtisadiyyatımıza, xüsusən də enerji sektoruna ən çox sərmayə yatıran ölkədir. Bundan başqa, ölkələrimizin kollektiv səyləri Cənub Qaz Dəhlizinin bütün Avropada enerji diversifikasiyası, təhlükəsizlik və dayanıqlığın artırılması baxımından əhəmiyyətini artırır. Azərbaycanın innovasiyalara və texnoloji irəliləyişlərə sadiqliyi investisiya və əməkdaşlıq üçün yeni imkanlar açıb. Qeyd edilib ki, Azərbaycanda innovativ vergi inzibatçılığının yaradılması, şəffaflığın gücləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Görüşdə, həmçinin Böyük Britaniya ilə energetika, bərpaolunan enerji sahəsində birgə layihələr, bp-nin ölkəmizdə uğurlu fəaliyyəti qeyd edilib, iqtisadi tərəfdaşlığın genişlənməsində Böyük Britaniya Ticarət Palatası ilə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin inkişafına önəm verdiyini, Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka maraq göstərdiyini diqqətə çatdırıb, yeni əməkdaşlıq sahələrini, birgə təşəbbüslərin reallaşdırılması imkanlarını qeyd edib.
İclasda Britaniyanın Azərbaycandakı Ticarət Palatasına üzv olan şirkətlərin təmsilçiləri tərəfindən ölkəmizin “yaşıl” enerji strategiyası, Azərbaycanda hidrogen enerjisi istehsalının prioritetləri, Britaniya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyəti və digər məsələlər barədə sualları cavablandırılıb.