SİYASƏT
Böyük Britaniya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun rəhbəri lord Devid Evansın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sədr Azərbaycanda keçirilən Konstitusiyaya dəyişikliklərlə əlaqədar referendumu izləmək üçün ölkəmizə səfər etdiklərinə görə qonaqlara minnətdarlığını ifadə edib. Bildirib ki, belə bir gündə Azərbaycanın dostlarının ölkəmizdə olması təqdirəlayiqdir. Çünki heç şübhə etmirik ki, onlar səsvermə prosesində gördüklərinə obyektiv qiymət verəcəklər. Bu isə ölkədə aparılan demokratik dəyişikliklərə dəstəyin göstəricisi kimi dəyərləndirilməlidir.
Görüşdə spiker ölkənin Əsas Qanununa edilən dəyişikliklərlə əlaqədar referendumun keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu, insan hüquqlarının qorunmasının daha etibarlı təmin edilməsi ilə yanaşı, həm də idarəetmə mexanizminin təkmilləşdirilməsinə, bu mənada xalqımızın firavan gələcəyinə xidmət edəcək. Ümumxalq səsverməsinin azad, demokratik, şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi işlər görülüb. Ölkə ərazisində mindən çox məntəqədə veb-kameralar quraşdırılıb ki, bu da səsverməni onlayn izləmək imkanı yaradıb. Biz dünyada və regionda gedən prosesləri diqqətlə izləyir, Azərbaycandakı ictimai-siyasi vəziyyətə dostlarımız, o cümlədən beynəlxalq qurumlar tərəfindən obyektiv qiymət verilməsinə həssaslıqla yanaşırıq.
Devid Evans Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsini müsbət dəyərləndirib. Qeyd edilib ki, onlar 6 seçki məntəqəsində prosesi izləyib, əhalinin fəallığının canlı şahidi olublar. Referendumun beynəlxalq səviyyədə keçirilməsi üçün bütün lazımi təşkilati işlər yüksək səviyyədə yerinə yetirilib.