Böyük Britaniya şirkətləri Azərbaycanın bank sistemi ilə əməkdaşlığa maraq göstərirlər
AzerTAg.az

Bakı, 3 dekabr, AZƏRTAC
Mərkəzi Bankın sədri Elman Rüstəmov Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə ticarət elçisi, parlamentin üzvü Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, görüşdə makroiqtisadi vəziyyət, bank sektorunun inkişafı, maliyyə sabitliyi, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
Görüş zamanı E.Rüstəmov ölkəmizdə mövcud olan makroiqtisadi sabitlikdən, iqtisadi artımdan, qeyri-neft sektorunun inkişafından danışıb, eləcə də maliyyə-bank sistemi, o cümlədən Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, aparılan islahatlar, bankların kapitallaşması barədə məlumatları nümayəndə heyətinin diqqətinə çatdırıb.
Çarlz Hendri Böyük Britaniya və Azərbaycan arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək ölkəmizlə yaxından tanışlığından məmnun olduğunu bildirib və Azərbaycan Mərkəzi Bankının fəaliyyətini, bank quruculuğu sahəsində həyata keçirdiyi islahatları yüksək qiymətləndirib. O, Böyük Britaniya şirkətlərinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən bank sistemi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Böyük Britaniyanın bank sistemləri arasında əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı ticarət və investisiya münasibətlərində maliyyə institutlarının, xüsusilə də bankların rolunun gücləndirilməsi məsələləri, eləcə də bu sahədə inkişaf perspektivləri müzakirə edilib.
Xəbərin mətnində orfoqrafik səhv var