DÜNYA


Böyük Britaniya və Avropa İttifaqı Talibanı Əfqanıstanın yeni hökuməti olaraq tanımayacaq

London, 4 sentyabr, AZƏRTAC

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) “Taliban”ı Əfqanıstanın yeni hökuməti olaraq tanımayacaq.

AZƏRTAC xəbər verir ki, Əfqanıstanda hökuməti ələ alan “Taliban”ın yeni hökuməti elan edəcəyi gözlənilsə də, Avropa İttifaqı və Böyük Britaniya Taliban administrasiyasını tanımayacağını açıqlayıb.

Britaniyanın xarici işlər naziri Dominik Rab Pakistana səfəri zamanı Kabildə yeni “Taliban” hökumətini tanımayacaqlarını, eyni zamanda, Əfqanıstanın yeni reallığı ilə üzləşdiklərini, ölkənin sosial və iqtisadi parçalanma vəziyyətini görmək istəmədiklərini bildirib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel qurumun xarici işlər nazirlərinin Sloveniyada keçirilən iclasında “Taliban”ı ölkənin qanuni hökuməti olaraq qəbul etməyəcəklərini, bu hərəkatla hər hansı bir əlaqənin yalnız Əfqanıstan xalqını qorumaq məqsədilə və ciddi şərtlər altında qurula biləcəyini söyləyib.

Digər tərəfdən, Aİ qaçqınların təxliyəsini, “Taliban”ın təhlükəsizlik və insan hüquqları kimi mövzularda verdiyi vədlərə əməl edib-etmədiyini izləmək üçün Kabildəki nümayəndəliyi vasitəsilə hərəkatla əlaqə qurmağı planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl ABŞ da “Taliban”ı Əfqanıstanın yeni hökuməti kimi tanımayacağını açıqlamışdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.