SİYASƏT


Böyük Britaniya və İslandiyadakı Azərbaycan diasporunun Qələbədən sonrakı fəaliyyətləri müzakirə edilib

Bakı, 14 noyabr, AZƏRTAC

Böyük Britaniya Krallığında və İslandiyada yaşayan soydaşlarımız Britaniya-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Qarabağda tarixi qələbəmiz və bundan sonra Azərbaycan diasporunun qarşısında duran vəzifələrlə bağlı virtual görüş təşkil edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Britaniya Azərbaycanlıları Assosiasiyasının, Azərbaycan-Şotlandiya Assosiasiyasının, “Buta” Azərbaycan-Şotlandiya İctimai Birliyinin, “Azəri” İslandiya-Azərbaycan Cəmiyyətinin və London Azərbaycan Evinin təmsilçiləri, Birləşmiş Krallıqda və İslandiyada yaşayan soydaşlarımız iştirak ediblər.

Komitə sədri Fuad Muradov 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın qələbəsi ilə başa çatması münasibətilə görüş iştirakçılarını təbrik edib. “Şanlı Ordumuzun şücaəti, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində əldə olunmuş bu möhtəşəm Qələbə dünya azərbaycanlılarının fəaliyyət istiqamətlərinə yeni çalar qatır. Bundan sonra diasporumuzun fəaliyyəti daha çox Azərbaycanın milli maraq və mənafeyinin müdafiəsinə, Qarabağın zəngin mədəni irsinin təbliğinə yönələcək. Diaspor nümayəndələri yaşadıqları ölkələrin ictimaiyyəti, xüsusilə mətbuat orqanları ilə daha geniş əlaqələr qurmağa, dövlətimizə dəstək olmağa səy göstərməlidirlər”, – deyə komitə sədri bildirib.

Görüşdə çıxış edən Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahova Azərbaycanın tarixi Qələbəsi münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, “Azərbaycanlıların Beynəlxalq Web Portalı” yaradılıb və hazırda portalda təkmilləşdirmə işləri aparılır.

Digər çıxış edənlər Azərbaycan diasporunun fəaliyyətinin səmərəliliyinin artırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini və bu yolda daha sıx birləşəcəklərini vurğulayıblar.

Qırx soydaşımızın iştirak etdiyi görüşdə tarixi Qələbənin Azərbaycan diasporunun qarşısına qoyduğu yeni vəzifələrlə bağlı rəy və təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.