Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin “Xəzər Neft-Qaz 2018” sərgi və konfransı münasibətilə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə məktubu

Bakıda keçirilən “Xəzər Neft-Qaz 2018” Sərgi və Konfransının açılışı münasibətilə məktub göndərməkdən böyük məmnunluq hissi duyuram. 

Tam müstəqil və suveren ölkə olan Azərbaycanın 1918-ci ildə yaradılmış Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etməsi bu ilə xüsusi əhəmiyyət verir.

Bu il həm də ilk dəfə 1994-cü ildə keçirilmiş Xəzər Neft-Qaz Sərgi və Konfransının 25-ci ildönümüdür. Hər iki yubiley münasibətilə Prezident İlham Əliyevə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Neft və qaz sənayesindən əldə olunan gəlirlər Azərbaycanın müasir və müstəqil ölkəyə çevrilməsinə kömək etmişdir.

BP-nin Azərbaycanın iqtisadi inkişafında belə mühüm rol oynaması sevindirici haldır. 1994-cü ildə imzalanmış “Azəri-Çıraq-Günəşli” müqaviləsi Azərbaycanın neft tarixində, eləcə də ikitərəfli əlaqələrimizdə yeni bir dövrün başlanğıcını qoyan tarixi dönüş nöqtəsi idi.

O vaxtdan bəri Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunu bütün dünyanın qibtə edəcəyi müasir texnologiya və dünya səviyyəli istehsalat müəssisələri vasitəsilə inkişaf etdirmək üçün on milyardlarla funt-sterlinq investisiya yatırıb.

Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Məhz buna görə mən aprelin 26-da Prezident İlham Əliyevi Dauninq Stritdə qarşılamaqdan böyük məmnuniyyət hissi keçirdim. Bizim iştirakımızla BP və SOCAR arasında hasilatın pay bölgüsü üzrə altıncı Saziş imzalandı. Bu Saziş son iyirmi beş il ərzində iki şirkət arasında qurulmuş möhtəşəm tərəfdaşlığın təcəssümüdür.

Birləşmiş Krallıq və Azərbaycan energetika sahəsindən başqa bir çox digər sahələri də əhatə edən güclü və ikitərəfli faydalı əlaqələr qurublar. Ümid edirəm ki, bu əlaqələr qarşıdakı illərdə də yüksələn xətlə inkişaf edəcək.

Sonda builki Xəzər Neft-Qaz Sərgi və Konfransının iştirakçılarına uğurlar arzulayıram.

 

Tereza Mey

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin