ELM VƏ TƏHSİL
Böyük Britaniyada təhsil almış azərbaycanlı məzunların birinci forumu keçirilib VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Bakıda “Azərbaycan–Britaniya Məzunları” İctimai Birliyi (AUKAA) “Nəsimi ili” çərçivəsində Böyük Britaniyada təhsil almış azərbaycanlı məzunların birinci forumunu keçirib.
Tədbir BP Azərbaycan şirkəti və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, iki hissədən ibarət olan forum “Azərbaycan Respublikasında təhsilin inkişafına təsir edən amillər” və “Ölkəmizdə təmiz texnologiya və beynəlxalq enerji sektorunun karbonsuz sənayeyə keçidi ilə bağlı həll yolları” mövzularına həsr olunub.
Forumun məqsədi Böyük Britaniyada təhsil almış məzunların mövzu üzrə bilik və təcrübələrini həmin sahələrin peşəkarları ilə müzakirə etmək, mümkün həll yollarını tapmaqla cəmiyyətimizin inkişafına töhfə verməkdən ibarət olub.
Tədbirdə Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən, o cümlədən təhsil sahəsindəki əməkdaşlıqdan danışıb.
Səfir təhsil üzrə həyata keçirilən müvafiq layihələrin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxış edərək ölkəmizdə ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində uğurlu tədbirlərin görüldüyünü deyib.
Britaniya Şurasının ölkə üzrə direktor müavini xanım Nigar Baimova, British Business Group Azərbaycan təşkilatının sədri Con Paterson müasir dünyada təhsilin mühüm rolunu diqqətə çatdırıb, onun inkişafı ilə bağlı fikirlərini bölüşüblər.
Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev mövzunun əhəmiyyətindən bəhs edib.
Sonra məruzələr dinlənilib, müzakirələr aparılıb.