DÜNYA
Böyük Britaniyada vergi endirimi paketi geri götürülüb
London, 17 oktyabr, AZƏRTAC
Böyük Britaniyada 3 həftə əvvəl elan edilən və bazarları silkələyən vergi endirimi paketi geri götürülüb.
AZƏRTAC xəbər verir ki, yeni təyin olunan maliyyə naziri Ceremi Hant vergi endirimi paketini geri götürdüyünü açıqlayıb.
C.Hant paketin elan edilən qərarların demək olar ki, hamısını ləğv edib. Bildirib ki, gəlir vergisini azaltmaq üçün borc götürmək düzgün deyil. Bu gün açıqlanan qərara əsasən ölkədə gəlir vergisi bazası 19 faizə endirilməyəcək və 20 faizdə saxlanılacaq.
Hantın açıqlamasından sonra funt sterlinq dollar qarşısında cüzi bahalaşıb və məzənnə 1,13 səviyyəsinə yüksəlib.
Sentyabrda vəzifəyə başlayan Böyük Britaniyanın Baş naziri Liz Trass Kvasi Kvartenqi maliyyə naziri təyin etdi və Kvartenq vergilərin kəskin azaldılmasını ehtiva edən mini-büdcə elan etdi.
Bununla belə, büdcənin daha çox dövlət borclanmasına səbəb olacağı ilə bağlı narahatlıqlar səbəbindən sterlinq dollar qarşısında 1,03 ilə tarixin ən aşağı səviyyəsinə düşdü. Nazir daha sonra mini-büdcə planından imtina etdiyini açıqladı. Lakin bu qərar bazarları sakitləşdirmək üçün kifayət etmədi və Trass cümə günü Kvartenqi vəzifəsindən azad edərək Ceremi Hantı onun yerinə təyin etdi.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London