DÜNYA
Böyük Britaniyada yeni baş nazir “1922” komitəsinin təqvim və metodu əsasında müəyyən olunacaq
London, 21 oktyabr, AZƏRTAC
Böyük Britaniyada yeni baş nazir sıravi tori parlamentarilərini birləşdirən və növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan “1922” parlament komitəsinin təqvim və metodu əsasında müəyyən olunacaq.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada Liz Trassın baş nazir postundan istefa verməsi ilə yeni liderin seçilməsi prosesi başlayıb.
Mühafizəkarlar Partiyasının yeni liderinin necə seçiləcəyinə və liderin dəyişdirilməsinə son olaraq “1922” parlament komitəsinin qərar verir. Komissiya şəraitə uyğun olaraq hər bir lider seçkisində təqvim və metodu müəyyən edir.
Keçmiş Baş nazir və partiya lideri Boris Consonun istefasından sonra Liz Trassın liderlik seçkisi prosesi üç ay çəkdi. Amma “1922” parlament komitəsinin bu dəfə fərqli bir üsul təyin edərək yeni rəhbərin bir həftə ərzində seçiləcəyinə qərar verib. Bu dəfə L.Trassın yerinə gələcək namizədlərə müraciət etmələri üçün bazar ertəsi saat 14:00-a qədər vaxt verilib. Həmçinin hər bir namizədin ən azı 100 deputatın dəstəyini alması nəzərdə tutulur. Ona görə də Mühafizəkarlar Partiyasının ümumilikdə 357 deputatı olduğunu nəzərə alsaq, namizədlərin sayının üçdən çox ola bilməyəcəyi anlaşılır. Əgər göstərilən gün və saatda yalnız bir namizəd 100 deputatın dəstəyini ala bilsə, o zaman bu şəxs seçkiyə ehtiyac olmadan Baş nazir elan olunacaq.
Birdən çox namizəd lazımi dəstəyi təmin edə bilsə, bazar ertəsi saat 15:30-17:30 arasında Mühafizəkarlar Partiyasının deputatları arasında yenidən səsvermə keçiriləcək.
Cəmi iki namizəd olarsa, bu səsvermə hər bir namizədin partiya qrupunda hansı dəstəyi göstərdiyini üzə çıxaracaq. Əgər üç namizəd olarsa, o zaman ən az səs toplayanlar ləğv ediləcək və nəticə həmin gün saat 18:00-da elan ediləcək.
Daha sonra partiya qrupunda həmin gün saat 18:30-dan 20:30-a kimi qalan namizədlər arasında ikinci səsvermə keçiriləcək və saat 21:00-da deputatların nəticəsi açıqlanacaq.
Nəticə açıqlandıqdan sonra hər iki namizəd yarışa davam etmək istəsə, o zaman ötən seçkidə olduğu kimi internet üzərindən partiya üzvlərinin səsləri ilə yeni lider müəyyənləşəcək. Bu səsvermə üçün verilən vaxt ərzində iki namizəd arasında teledebatın olacağına ümid edilir.
Prosesin sonunda qalib gələn namizəd Mühafizəkarlar Partiyasının yeni lideri və Britaniyanın yeni Baş naziri oktyabrın 28-də ictimaiyyətə açıqlanacaq.
Müxalifət partiyaları isə bu qədər az səslə ölkənin Baş nazirinin müəyyən edilməsinin demokratik olmadığını söyləyərək növbədənkənar ümumi seçkilərin keçirilməsini tələb edir.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London