SİYASƏT
Böyük Britaniyanın “Avropa Times” qəzetində AzərTAc-ın xüsusi müxbirinin Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqaləsi dərc edilmişdir
Bakı, 30 dekabr (AZƏRTAC). AZƏRTAC-ın Londondakı xüsusi müxbiri Orxan İsmayılovun Böyük Britaniyanın “Avropa Times” qəzetində “Bakı Beynəlxalq Humanitar Forumu: Mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi” sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə qeyd olunur ki, Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif millətlərin nümayəndələrinin bir araya gələrək bəşəriyyəti düşündürən problemləri müzakirə etdiyi ən önəmli tədbirlərdən biridir.
Forumun tarixi haqqında məlumat verən müəllif bildirir ki, ilk dəfə 2011-ci ildə keçirilən tədbir bir çox qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün geniş imkanlar yaratmışdır. Artıq ənənə halı alan Forumda Birləşmiş Krallıq da daxil olmaqla dünyanın müxtəlif ölkələrindən tanınmış ictimai-siyasi xadimlər, sabiq dövlət başçıları, Nobel mükafatı laureatları, jurnalistlər iştirak etmişlər.
Bu mötəbər tədbirin iştirakçılarının sayının ildən-ilə artdığını yazan müəllif Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda 800 nümayəndənin iştirak etdiyini vurğulayır.
Məqalədə diqqətə çatdırılır ki, bu tədbirdə iştirak etmək üçün Azərbaycana gələn qonaqlar ölkənin zəngin mədəni irsi və tarixi ilə bağlı geniş məlumat əldə etmiş, paytaxt Bakı və bölgələrlə yaxından tanış olmuşlar.
Yazıda Forumda iştirak edən Böyük Britaniya təmsilçilərinin müxtəlif KİV-lərə, o cümlədən AZƏRTAC-a müsahibələrindən fikirlərə də yer verilir.
Sonda müəllif vurğulayır ki, sivilizasiyalar arasında dialoqun inkişafında mərkəz rolunu oynayan Azərbaycan bu böyük və şərəfli missiyanı uğurla yerinə yetirməkdədir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür: