CƏMİYYƏT


Böyük Britaniyanın Azərbaycandakı səfiri Baş Prokurorluqda olub

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 2-də Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş prokuror Kamran Əliyev ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, bu əlaqələrin gündən-günə daha da inkişaf etdiyini qeyd edib.

Baş prokuror sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini bildirib və xüsusilə vurğulayıb ki, ümumilikdə mülki əhalidən 91 nəfər həlak olub. Onlardan 27-si qadın, 11-i uşaq olub. Həmçinin 102-si qadın, 50-si uşaq olmaqla 404 nəfər yaralanıb. Ümumilikdə 2488 evə, 97 çoxmərtəbəli binaya və 461 mülki infrastruktur obyektinə külli miqdarda ziyan dəyib.

Kamran Əliyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibində digər ölkələrdən cəlb edilmiş muzdlu şəxslərin döyüş əməliyyatlarında iştirak etmələri, həmçinin xarici ölkələrin konkret şirkətlərinin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində başlanmış cinayət işləri barədə səfirə məlumat verib.

Baş prokuror səfir Ceyms Şarpa Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etməsinə, habelə Birləşmiş Krallıq tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə zərər çəkmiş mülki şəxslərimizə göstərdikləri maliyyə dəstəyinə görə də təşəkkürünü bildirib.

Görüşə görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Böyük Britaniyanın Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini deyib.

Səfir ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini diqqətə çatdırıb.

Münaqişə zamanı mülki şəxslərin, xüsusən də münaqişə zonasından kənarda yaşayan dinc əhalinin həlak olmasına görə məyus olduğunu bildirərək, ölkəsi tərəfindən belə halların daim qətiyyətlə pislənildiyini qeyd edib.

Daha sonra hər iki ölkənin prokurorluq orqanları arasında konkret cinayət işləri üzrə əməkdaşlıq, hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.