CƏMİYYƏT
Böyük Britaniyanın Azərbaycandakı səfirinə ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatları barədə məlumat verilib
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə görüşüb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, səfirə işğaldan azad edilmiş ərazilərdə Agentliyin həyata keçirdiyi humanitar minatəmizləmə əməliyyatları, eləcə də qarşıya qoyulmuş prioritetlərə əsasən planlaşdırılmış fəaliyyət barədə məlumat verilib.
“Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqramına Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi, mina qurbanlarının sayının azaldılması və humanitar minatəmizləmə sahəsində gələcəkdə birgə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.