SİYASƏT
Böyük Britaniyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
Bakı, 25 iyul, AZƏRTAC
Xarici İşlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfiri Kerol Krofts ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında mövcud ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əldə edilmiş nailiyyətlərin məmnunluq doğurduğunu ifadə ediblər.
Səfir Kerol Krofts Azərbaycanda həyata keçirdiyi diplomatik fəaliyyətindən məmnunluqla bəhs edərək, diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. K.Krofts Azərbaycan ilə ölkəsi arasında mövcud qarşılıqlı faydalı əməkdaşlığın və xüsusi münasibətlərin əhəmiyyətini vurğulayıb.
Söhbət əsnasında Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı səfir Kerol Kroftsu məlumatlandırıb.
Tərəflər arasında, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov səfir Kerol Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.