İQTİSADİYYAT
Böyük Britaniyanın “Kosmik Agentliyi” və “Azərkosmos” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 15 fevral, AZƏRTAC
Böyük Britaniyanın “Kosmik Agentliyi” və “Azərkosmos” arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
“Azərkosmos” ASC-dən AZƏRTAC-a bildirilib ki, fevralın 15-də Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson “Azərkosmos” ASC-də olub. Qonağa ASC-nin fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə məlumat verilib.
Görüşdə beynəlxalq və yerli bazarlara yüksəkkeyfiyyətli və rəqabətədavamlı peyk xidmətlərinin çıxarılması istiqamətində aparılan işlərə dair ətraflı müzakirələr aparılıb. Həmçinin Azərbaycanın özünə məxsus peyk resurslarını regional və qlobal problemlərin həlli üçün Böyük Britaniyaya təqdim etmək və eyni məqsədlər üçün bu ölkənin peyk resurslarından istifadə etmək və bununla da dövlətlərarası qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və inkişafına töhfə verə bilmək imkanlarından bəhs olunub. Görüşdə, həmçinin Böyük Britaniyanın “Kosmik Agentliyi” və “Azərkosmos” arasında qurula biləcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Baronessa Nikolsona kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos” ASC-nin nəzdində qurulan Tədqiqat və İnkişaf Mərkəzi barəsində də məlumat verilib.
Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla, Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və qarşıdakı illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.