DÜNYA
Böyük Britaniyanın əhalisi son on ildə 6 faiz artıb
London, 28 iyun, AZƏRTAC
Böyük Britaniyanın əhalisi son on ildə 6 faiz artıb.
AZƏRTAC xəbər verir ki, Şimali İrlandiya üzrə dərc edilmiş siyahıyaalmanın nəticələrinə əsasən Böyük Britaniyanın əhalisi hazırda 66 milyon 966 min 400 nəfər təşkil edir.
Siyahıyaalmanın nəticələri göstərir ki, ölkənin hər bir bölgəsində əhalinin sayı artıb. Lakin son onillikdə əhalinin artımı bir qədər yavaşlayıb.
Krallığa daxil olan ölkələr arasında ən böyük əhali artımı İngiltərə və Uelsdə qeydə alınıb.
İngiltərə və Uelsin əhalisi 2011-ci ildəki son siyahıyaalmadan sonra 3,5 milyondan çox (6,3 faiz) artıb.
Hər iki ölkədə 15-64 yaş arasında olanlar əhalinin 64,1 faizini, 15-dən aşağı olanlar isə 17,4 faizini təşkil edir. Uelsdə 65 və yuxarı yaşda olan insanlar (21,3 faiz) İngiltərədəkindən (18,4 faiz) daha çoxdur.
2011-ci ildəki siyahıyaalmada olduğu kimi, hələ də qadınların sayı (51 faiz) kişilərdən (49 faiz) daha çoxdur.