CƏMİYYƏT


Böyük Britaniyanın ölkəmizdəki səfiri Tərtərdə minaların zərərsizləşdirilməsi prosesini izləyib

Bakı, 1 dekabr, AZƏRTAC

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər rayonunda yerləşən regional ofisini ziyarət edib.

BAMF-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin əsas məqsədi Britaniya səfirinin regionda həyata keçirilən inkişaf layihələri ilə, eləcə də ANAMA-nın və onun partnyorlarının fəaliyyəti ilə yaxından tanışlıq olub. Səfər çərçivəsində səfir Ceyms Layl Şarp regionda uzun illərdir fəaliyyət göstərən BAMF-ın “İcma Mina Aksiyası” Komandasının və Böyük Britaniyanın “RPS Energy Limited” şirkətinin fəaliyyəti ilə yaxından maraqlanıb.

BAMF-ın Regional Peşə Təlim Mərkəzində qurumun prezidenti Umud Mirzəyev qonaqlara təşkilatın regionda gördüyü işlər, media, təhsil, icmaların inkişafı, əhalinin rifahının artırılması və digər sahələr üzrə həyata keçirdiyi layihələr, xüsusilə Mina Təhlükəsizliyi çərçivəsində icra etdiyi proqramlar haqqında ətraflı məlumat verib. Ceyms Şarp təşkilatın regional ofisini ziyarət edən qonaqların, həyata keçirilən layihələrin, görüşlərin əks olunduğu fotostendlə tanış olub. Öz növbəsində BAMF-ın “İcma Mina Aksiyası” Komandasının əməliyyat meneceri Şahin Allahverdiyev komandanın formalaşması, fəaliyyəti və ANAMA-nın tapşırığı ilə həyata keçirilən təmizləmə əməliyyatları haqqında geniş məlumat verib.

Ziyarət zamanı səfirə BAMF-ın təşkilatçılığı ilə həyata keçirilən və hazırda davam edən Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi ilə bağlı məlumat verilib.

Ceyms Şarp layihə koordinatoru, regional koordinatorlar və təlimatçı ilə də görüşüb. Regional ofisdə baş tutan görüşdə təlimatçı Musa Cəlalov layihənin həyata keçirilməsi üçün Avropa İttifaqının, UNICEF-in dəstəyini qeyd edib və təlimlər haqqında danışıb.

Daha sonra mina təmizləmə işlərinin aparıldığı sahədə real əməliyyatlarla tanış olan səfirə görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Ceym Şarp “RPS Energy Limited” şirkətinin minaaxtaran dron komandasının fəaliyyəti ilə tanış olduqdan sonra aşkarlanan minaların partladılması və zərərsizləşdirilməsi prosesinə də şahidlik edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.