CƏMİYYƏT
Böyük Britaniyanın səfiri: Bu gün Bakı şəhərinin küçələri öz təmizliyi ilə seçilir
Bakı, 21 sentyabr, AZƏRTAC
Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə artıq üç ildir ki, paytaxtımızda bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunmasının müasir səviyyədə təşkili ilə bağlı layihəni uğurla həyata keçirir.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə pilot layihə kimi Nərimanov rayonunda başlanan layihə daha sonra mərhələli şəkildə daha 3 rayonu – Nizami, Nəsimi və Yasamal rayonlarını əhatə edib. Sakinlərlə aparılan təbliğat və maarifləndirmə işləri nəticəsində layihənin tətbiq edildiyi 4 rayonda müsbət nəticələr əldə edilib. Qazanılan nailiyyətlər paytaxtın digər rayonlarının da mərhələli şəkildə bu layihəyə qoşulmasına imkanlar yaradır.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Monitorinq Mərkəzinə gələrək, birgə layihənin həyata keçirilməsi ilə bağlı görülən işlərlə yaxından tanış olub. Səfirə layihənin tətbiqi və qazanılan uğurlar barədə ətraflı məlumat verilib.
Tanışlıqdan sonra səfir Ceyms Şarp bildirib ki, bu gün Bakı şəhərinin küçələri təmizliyi ilə seçilir. “Bakı Şəhəri İcra Hakimiyyətinin Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə həyata keçirdiyi tullantıların idarə edilməsi layihəsinin uğurlu icrasını görməkdən çox məmnunam. Tullantıların idarə edilməsi və təkrar emalı iqlim dəyişiklikləri ilə mübarizə üçün olduqca önəmlidir və mən hər kəsi bu prosesdə iştirak etməyə çağırıram”, - deyə diplomat qeyd edib.
Xatırladaq ki, layihənin icrası ilk günlərdən Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Bundan əlavə, “Mott MacDonald” şirkətinin rəhbərliyi və nümayəndələri xüsusi yaradılmış BŞİH-nin bərk məişət tullantılarının idarə edilməsi üzrə Monitorinq Mərkəzində tullantıların kompozisiya tərkibinin və çeşidləmə səviyyəsinin yoxlanılmasına nəzarət edirlər.