CƏMİYYƏT
Böyük Çin səddi ilə tanışlıq turu təşkil olunub VİDEO
Pekin, 5 aprel, Bəhruz Vəliyev, AZƏRTAC
Çin Beynəlxalq Mətbuat Mərkəzinin nəzdindəki “Çin-Avrasiya” mətbuat mərkəzinin layihəsi çərçivəsində Böyük Çin səddi ilə tanışlıq turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, turun məqsədi MDB-nin on ölkəsinin – Azərbaycan, Belarus, Özbəkistan, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Moldova və Ermənistanın KİV təmsilçilərindən ibarət nümayəndə heyətinin Böyük Çin səddi ilə tanış olmasıdır.
Böyük Çin səddi dünyanın ən möhtəşəm tarixi abidələrindən biridir. Planetimizdə uzunluğuna görə ən böyük olan ayırıcı divar yüzlərlə kilometr ərazidə çətinliklə keçilən yerləri və sıldırım dağları birləşdirir.
Çin Xalq Respublikasının ilk sədri Mao Tszedun deyib: “Böyük Çin səddini aşmamış, qəhrəman ola bilməzsiniz”. İbarəli söylənmiş bu kəlam o deməkdir ki, “məqsədə çatmaq üçün çətinliklərə sinə gərməlisən”. Böyük Çin səddinin turizm məkanı kimi ziyarətə açılmasından sonra yüz milyonlarla turist onun müxtəlif hissələrində olublar.
Böyük Çin səddi dünyanın Yeni yeddi möcüzəsi siyahısına daxil edilib. O, həmçinin UNESCO-nun Çin üzrə dünya irsi obyektlərindən biridir.
Qeyd edək ki, aprelin 4-də Çin Xalq Diplomatiyası Assosiasiyasının təşkilatçılığı ilə Çin Beynəlxalq Mətbuat Mərkəzinin nəzdindəki “Çin-Avrasiya” mətbuat mərkəzində layihənin təqdimatı tədbiri keçirilib.
Cari ildə həyata keçirilən layihə çərçivəsində KİV təmsilçilərinin müxtəlif yüksəksəviyyəli tədbirlərdə iştirakı gözlənilir.