CƏMİYYƏT


“Böyük Dərbənd Ensiklopediyası”nın təqdimatı olub VİDEO

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Bakıda “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

İctimai Birliyin ötən müddətdə gördüyü işlər barədə ətraflı məlumat verən Nurulla Əliyev Azərbaycan-Dağıstan əlaqələrinin inkişafına dair Birliyin fəaliyyəti haqqında hesabatı təqdim edib.

Qeyd edilib ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Birliyin saytında və qəzetində Dərbəndin inkişafı, Azərbaycan-Dağıstan əlaqələrinin daha da gücləndirilməsi istiqamətində görülən işlər barədə mütəmadi məlumat verilir. Qurumun üzvləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti fəal dəstəkləyirlər.

Sonra İctimai Birliyin əsasnaməsinə uyğun olaraq, qurumun idarə heyətinin tərkibi və sədri vəzifəsinə seçkilər keçirilib. Nurulla Əliyev yenidən “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri seçilib. Həmçinin idarə heyətinin yeni tərkibi formalaşıb.

Daha sonra professor Nurulla Əliyevin müəllifi olduğu “Böyük Dərbənd Ensiklopediyası”nın təqdimatı keçirilib.

İctimai Birliyin idarə heyətinin üzvü Rahilə Əsgərova çıxış edərək bildirib ki, tərtibçisi və layihə rəhbəri tarix elmləri doktoru Nurulla Əliyev olan “Böyük Dərbənd Ensiklopediyası”nda Dərbənd şəhərinin yaranması, arxeologiyası, tarixi, topoqrafiyası, toponimikası, etnoqrafiyası, memarlıq abidələri, o cümlədən görkəmli şəxsiyyətləri haqqında ensiklopedik formada dolğun və sistemli məlumat verilib. Kitab şəhərin çoxəsrlik tarixi ilə bağlı daha maraqlı hadisələr, görkəmli və tanınmış şəxsiyyətlər, şəhərdəki etnik proseslər və əhalinin sosial tərkibi, Dərbəndin iqtisadi və mədəni inkişafı, qədim tarixi, memarlığı ilə bağlı məlumatlarla zəngindir. Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın elmi redaktoru, Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim İradə Hüseynova, redaktoru fəlsəfə elmləri doktoru, Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru Sədi Nuriyev və baş redaktoru “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılovdur.

Qeyd olunub ki, “Böyük Dərbənd Ensiklopediyası”nda təqdim olunan zəngin informasiya müxtəlif elm sahələrində, Azərbaycan tarixi üzrə yazılacaq ümumiləşdirilmiş əsərlərdə, respublikanın ali tədris müəssisələrində istifadə edilə, həmçinin geniş tədqiqatçılar və Azərbaycan tarixi ilə maraqlananlar üçün və zəruri biliklərin gənc nəslə çatdırılması işinə faydalı mənbə ola bilər.

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini deyən İradə Hüseynova vurğulayıb ki, Dərbənd Azərbaycan tarixşünaslığında Şərqin qədim memarlıq abidəsi kimi öyrənilir. Dərbəndə yaşayan azərbaycanlıların taleyi Azərbaycanla sıx bağlıdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin kompleks və planlı şəkildə öyrənilməsinə başlanılması alimlərə qədim Dərbəndin tarixini daha dərindən tədqiq etmək imkanı verdi. Dərbəndin tarixi tarixçi, arxeoloq və etnoqraflar tərəfindən dərindən öyrənilib. Şəhərin tarixinə həsr olunmuş və respublikada, həmçinin onun hududlarından kənarda nəşr edilmiş əsərlər böyük maraq doğurur. Təqdim olunan “Böyük Dərbənd Ensiklopediyası” bu şəhərin lap qədim dövrlərdən indiyədək baş verən tarixi prosesləri əhatə edir. Diqqətə çatdırılıb ki, kitabda qədim şəhərin tanınmış ziyalıları haqqında da oxucuya məlumat verilir. Geniş təhlilə, faktlara əsaslanan, zəngin informasiya təqdim edən bu nəşr Azərbaycan elminə, tarixşünaslığına böyük töhfədir. Bu əsər tariximizin təbliği baxımından da çox əhəmiyyətlidir.

Kitabın redaktoru, fəlsəfə elmləri doktoru Sədi Nuriyev, pedaqogika üzrə fəlsəfə doktoru Leyla Abdullayeva və digərləri qeyd ediblər ki, ensiklopediyada Dərbəndin tarixinə dair mühüm məlumatlar təqdim olunur.

Nurulla Əliyev ensiklopediyanın hazırlanmasında fəal iştirakına görə Birliyin üzvlərinə və əməyi keçənlərə minnətdarlığını bildirib.

Sonra sədr Nurulla Əliyev Cəmaləddin Dərbəndlinin hazırladığı rəsm əsərlərini təqdim edib. Məlumat verilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda çalışan rəssam C.Dərbəndli (İsmayılov) bir çox bədii kitabların və dərsliklərin tərtibatına öz töhfəsini verib. Onun əsərləri bir çox sərgilərdə nümayiş etdirilib.

Yığıncaqda, həmçinin müəllifi və tərtibçisi Tofiq Yusifov olan “General-leytenant Hüseyn Rəsulbəyov” kitabının da təqdimatı keçirilib. “Yazıçı” nəşriyyatında dərc edilən kitab Azərbaycanın görkəmli ictimai-siyasi, hərbi xadimi, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illik yubileyinə həsr edilib. Nəşrdə görkəmli hərbi xadimin həyatı, keçdiyi döyüş yolu barədə ətraflı məlumat verilib.

Tədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin fəaliyyətinə dair hesabat məruzəsi müzakirələrdən sonra qənaətbəxş hesab edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.